Son yeniləmə: 18 Oktyabr 2021 13:49
Bayraqdar.info – Oktyabrın 18-də Prezident İlham Əliyev müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət edib. Müraciətdə deyilir:
“Əziz həmvətənlər! Sizi xalqımızın dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm.
“1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir.
“Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir”, – deyə Prezidentin mraciətində bildirilir.
Daha sonra müraciətdə ölkənin iqtisadi infrastukturunun inkişafına və 44 günlük Zəfər Qələbəsinə toxunulur.
“Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik”.
Dövlət başçısı bu ildən etibarən onun təşəbbüsü ilə irəli sürülən qanun layihəsinin qəbul olunması ilə 18 Oktyabr ölkədə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcəyini bildirib. “Bu gün biz 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayırıq. Yaxın tariximizin bu əlamətdar hadisəsi münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!”, – deyə Prezidentin bayram təbrikində vurğulanır.