Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olub.
Məlumatı oktyabrın 17-də Prezidentin Mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, dövlət başçısı Füzuli-Ağdam avtomobil yolunun və işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub.
Prezident və xanımı Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. Ölkə rəhbəri Azərişıq ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub.
“Daha sonra onlar Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar, burada ağac əkiblər. Dövlət başçısı ilk yaşayış binalarının təməlini qoyub.
“Prezident İlham Əliyev və birinci xanim Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Məlumatda qeyd edilir ki, daha sonra ölkə başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub.
“Səfərlə bağlı hazırlanan geniş reportaj oktyabrın 18-də təqdim olunacaq”, – deyə məlumatda bildirilir.
Prezidentin Mətbuat xidmətinin yaydığı digər məlumatda bildirilir ki, həmçinin, Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və tikintisi məqsədilə Mədəniyyət Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.