Son yeniləmə: 18 Oktyabr 2021 17:14
Bayraqdar.info – Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin növbəti dərsi 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilib.
Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, dərsə onlayn formatda qatılan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, yazıçı Gülzar İbrahimova, Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Musayeva və yetirmələri həftəsonu məktəbinin şagird və müəllim heyətini bayram münasibətilə təbrik ediblər. Çıxış edənlər bu günün xalqımızın tarixində önəmindən danışıblar, Vətənimizi, Ana dilimizi sevməyi, öyrənməyi və qorumağı tövsiyə ediblər.
Sonra şagirdlərin ifasında Azərbaycan şairləri Səməd Vurğunun “Azərbaycan”, Xəlil Rza Ulutürkün “Azadlıq”, Baba Vəziroğlunun “Vətən” şeirləri səsləndirilib, “Azərbaycan” mahnısı təqdim edilib.
Dərs zamanı “Xarıbülbül“ sərgisi nümayiş olunub. Həftəsonu məktəbinin şagirdləri Şanay Şəkarinin, Omar və Altay Əlinin, Səlim Abbaszadənin və Aida Ramberqin “Xarıbüllbül” rəsmləri tədbir iştirakçılarının marağına səbəb olub.