Press "Enter" to skip to content

Nobel mükafatçısı Əfqanıstan qızlarıyla bağlı müraciət etdi

Bayraqdar.info – Nobel mükafatçısı (2014), Pakistanlı gənc Malala Yusafzay Talibanın Əfqanıstanda qızların məktəbə getməsini yasaqlamasına qarşı təşəbbüsə qoşularaq dünya ictimaiyyətinə müraciət edib.

Avaaz.org platformasında yayımlanan müraciətdə deyilir ki, “Taliban məni öldürməyə cəhd gösətərndə qızların təhsili uğrunda mübarizə aparırdım. İndi isə Talibanın Əfqanıstanda milyonlarla qızın məktəbə getməsini yasaqlamasından bir ay keçir”.

M.Yusafzay daha sonra qeyd edir ki, “əfqan bacılarımızın köməyimizə ehtiyacı var. Ona görə də şəxsən sizdən xahiş edirəm ki, əfqan qadın hüquq müdafiəçiləri Zərqa Yaftəli və Şəhərzad Əkbərlə birlikdə mənə qoşulub qızların məktəbə qayıtması üçün liderlərə müraciətə dəstək verəsiniz”.

“Bu müraciətin qızların təhsili ilə bağlı dünyada ən böyük müraciət olması üçün bizə kömək edin və mən onu birbaşa G20 liderlərinə təqdim edəcəm”, – deyə M.Yuzafzay bildirib.

Daha sonra o, Z.Yaftəli və Ş.Əkbərin müraciətinin mətnini yayıb.

Müraciətdə deyilir ki, bir ay öncə Taliban məktəb qapılarını milyonlarla əfqan qızının üzünə qapamaqla onları sadəcə təhsildən deyil, gələcəkdən də məhrum etdi: “Əfqanıstan hazırda dünyada qızların təhsilini yasaqlayan yeganə ölkədir. Dünyanın hər tərəfində liderlər əfqan qızlarının məktəbə qayıtması üçün qəti tədbirlər görməlidirlər”.

Müraciət müəllifləri Talibana da üz tutaraq onların qızların və qadınların hüquqlarının təmin ediləcəyi vədini xatırladıblar: “Lakin indi siz milyonların öyrənmə haqqını inkar edirsiniz. Qızların təhsilinə tətbiq edilən yasağı ləğv edin və məktəbləri dərhal yenidən açın”.

G20 liderlərinə də üz tutan müəlliflər onlara xatırladıb ki, təhsillə bağlı yalnız müzakirələr aparmaq yetərli deyil. Talibana çağırış etməli və bütün əfqan uşaqlarının təhsil ala bilməsi üzrə əlaqələndirilmiş plan tətbiq etmək lazımdır.

Müəlliflər eyni zamanda müsəlman ölkələrinin liderlərinə də üz tutaraq Talibana təsir etməyə, İslam dininin qızların təhsilini yasaqlamadığını xatırlatmağa çağırıblar.

“Qızlar nə qədər çox məktəbdən kənar qalsalar onların ora qayıtması bir o qədər də çətin olacaq. Ona görə də əfqan qızlarının öyrənmək və önə çıxmaq hüquqlarının qorunması üçün bizim dünya liderlərinə çağırışımıza qoşulun”, – deyə müəlliflər bildirir.

Yeri gəlmişkən, biz bu xəbəri yazarkən müraciətə artıq 600 minə yaxın imza atılmışdı. Əlbəttə ki, o imzalar arasında bizim də imzamız var.

Mission News Theme by Compete Themes.