Bayraqdar.info – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb.
Xəbər bayraqdar.info-ya oktyabrın 18-də MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
Xəbərdə bildirilir ki, Azərbaycan nümayəndə heyəti əvvəlcə Ankarada Heydər Əliyev Parkını ziyarət edib.
“Qeyd edək ki, deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyevin də daxil olduqları parlament nümayəndə heyəti Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcək. Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələr arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Sonda mətbuat konfransı keçiriləcək.
“Bundan başqa, səfər çərçivəsində Ombudsman Səbinə Əliyevanın türkiyəli həmkarı ilə görüşü, işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi bəşəri cinayətlər, çoxsaylı terror aktları, o cümlədən yaşayış məntəqələrinin bombalanması və digər hadisələr barədə hesabatın təqdim edilməsi nəzərdə tutulur.
“Nümayəndə heyətləri oktyabrın 18-də Müstəqilliyin Bərpası Günü, həmçinin Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirak edəcəklər.” Xəbərdə belə deyilir.