Press "Enter" to skip to content

İki ölkənin sosial sahədə əməkdaşlığında yeni istiqamətlər

Bayraqdar.info – Azərbaycan və Türkiyənin qardaşlığa, xalqların sarsılmaz birliyinə söykənən əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Bunu Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir ikitərəfli əlaqələrin sabit və uzunmüddətli inkişafında Azərbaycan və Türkiyənin dövlət başçılarının birgə və ardıcıl səylərinin xüsusi rolunu vurğulayıb.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, oktyabrın 18-də ƏƏSMN-də keçirilən görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edib.

Görüşdə çıxış edən nazir bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfərlə başa çatdırdığı, torpaqlarımızı Ermənistanın işğalından azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə də Türkiyə Azərbaycana daim siyasi və mənəvi dəstək göstərdi. Qardaşlıq nümunəsi olan bu dəstəyi xalqımız yüksək qiymətləndirir.

İki ölkə arasında əlaqələrin əmək, məşğulluq və sosial müdafiə sahəsində də getdikcə genişləndiyini deyən S.Babayev bu məqsədlə ötən dövrdə 5 əməkdaşlıq sənədi imzalandığını, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair daha 2 əməkdaşlıq sənədi layihəsinin müzakirədə olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətini qeyd edib. Ekspertlər səviyyəsində təcrübə və bilik mübadilələrinin əhəmiyyətini, Türkiyənin təşkilatları və QHT-ləri ilə fəal əməkdaşlıq təcrübəsini vurğulayıb.

Nümayəndə heyətinə  ölkəmizdə son illərdə aparılan sosial islahatlar barədə məlumat verilib. Aparılan sosial islahatlar prosesində qardaş Türkiyənin aidiyyəti qurumları ilə fəal əməkdaşlığın qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyi vurğulanıb.

V.Bilgin Türkiyə üçün dost və qardaş ölkə olan Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu qeyd edib. Azərbaycanın ötən il Vətən müharibəsində əldə etdiyi böyük Zəfərin, öz torpaqlarını Ermənistanın işğalından azad etməsinin Türkiyə xalqında da sonsuz sevinc və iftixar yaratdığını bildirib. Türkiyədə aparılan sosial islahatları, əldə olunan sosial uğurları diqqətə çatdıran V.Bilgin rəhbərlik etdiyi qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu deyib.

Görüşdə əmək, məşğulluq, sosial müdafiə, həmçinin şəhid ailələri və qazilərin sosial müdafiəsi,  dəstəklə əhatə olunması, DOST konsepsiyası, əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya, sosial sahədə innovativ yeniliklərin tətbiqi sahələrində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb. Əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi, Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın növbəti iclasının təşkili və s. məsələlər müzakirə olunub.

Sonra S.Babayev və V.Bilgin görüşün nəticələrinə dair brifinq keçiriblər.

Mission News Theme by Compete Themes.