Bayraqdar.info – İran Nazirlər Kabinetinin qərarı ilə İslam İnqilabı Keşikçiləri Korpusunun Abedin Xorrəm adlı zabiti Şərqi Azərbaycan vilayətinin başçısı təyin edilib.
İbrahim Rəisi hökumətinin əksəriyyəti SEPAH-çılardan formalaşan Nazirlər Kabinetinin qərarı ilə SEPAH-ın “Aşura” Korpusunun komandiri Abedin Xorrəm ötən gün Şərqi Azərbaycan əyalətinin 15-ci qubernatoru olaraq vilayətə daxil olub.
“Azad İran” Telegram kanalı xəbər verir ki, bununla bağlı İranın hazırkı Prezidenti deyib: “Ölkənin xüsusi vəziyyətdə olan əyalətlərinin başçıları hökumət tərəfindən diqqətdə saxlanılacaqlar”.
Bir çox siyasi ekspert bir hərbi komandirin vilayət başçısı təyin edilməsini İranda qeyri-fars millətlərə qarşı repressiyanın gücləndirilməsinin başlanğını kimi qiymətləndirirlər.
İbrahim Rəisi son aylarda İranın əl-Əhvaz (Xuzistan) vilayəti başçısı vəzifəsinə də SEPAH komandirlərindən birini gətirib ki, bu da sözügedən hərbi orqanın digər qeyri-fars vilayətlərinin idarə olunmasında təsiri ilə bağlı narahatlıqları artırıb.
İran Konstitusiyasına görə, İslam İnqilabı Keşikçiləri Korpusu ölkədə siyasi fəaliyyətlə məşğul ola bilməz. Lakin onlar ötən illər ərzində əsas dövlət postlarına yiyələnməklə qeyri-hərbi vəzifələri də ələ keçirə bilib.
Qeyd edək ki, SEPAH- digər ölkələrdə etirazçılara qarşı repressiv və zorakı adımlarına və eləcə də terrorçuluq fəaliyyətlərinə görə beynəlxalq və Avropa sanksiyaları siyahısında olan silahlı terror təşkilatıdır.