Bayraqdar.info – “Eskişehir Azərbaycanlılar Dərnəyi təkcə bu şəhərdə daimi yaşayan azərbaycanlıları deyil, azərbaycanlı tələbələri də hər zaman diqqətdə saxlayır. Belə ki, Dərnək tərəfindən Eskişehirdəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqələr saxlanılır, onların üzləşdikləri hər hansı problemin həllinə yardım göstərilməsi üçün müvafiq addımlar atılır”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.
Onu da qeyd edək ki, Dərnək azərbaycanlı tələbələrlə bağlı maraqlı bir proqram da reallaşdırır. Belə ki, hər il Eskişehirdəki universitetlərə qəbul olmuş azərbaycanlı tələbələrlə tanışma toplantısı keçirilir. Bu toplantının keçirilməsində məqsəd həm yeni gələn tələbələrlə Dərnək rəhbərliyinin tanış olması, onlara Dərnəyin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilməsi, həm də azərbaycanlı tələbələrin öz aralarında əlaqələrinin qurulmasında yardımçı olmaqdır.
Beləliklə, oktyabrın 17-də bu silsilədən növbəti toplantı olub. C.Aydının sözlərinə görə, bu toplantıda Eskişehirdəki universitetlərin həm birinci, həm də ikinci kurs azərbaycanlı tələbələrini bir araya gətirməyə çalışıblar: “Ötən il pandemiya səbəbindən bu cür toplantını keçirə bilmədik. Ona görə də bu il həm birinci, həm də ikinci kurs tələbələrini səhər kahvaltısında bir araya gətirdik. Mən bu işdə bizə kömək olan, dərnəyimizin könül dostu, iş adamı Durmuş Calpa xüsusi minnətdarlıq etmək istəyirəm”.