Press "Enter" to skip to content

Azərbaycan Rusiya vergi orqanlarının təcrübəsini yaxından izləyir

Bayraqdar.info – Azərbaycan və Rusiya Federasiyası arasında ticarət, nəqliyyat, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahələrində qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi məqsədilə imzalanmış “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı” çərçivəsində birgə əməkdaşlıq davam edir. Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində ölkələr arasında qarşılıqlı əməkdaşlıq Rusiya Federasiyasının Maliyyə Nazirliyi yanında Federal Vergi Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələrindən ibarət işçi qrup formatında aparılır. Bugünədək işçi qrupun 2 iclası keçirilib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 18-də Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 13-14-də Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti işçi qrupun 3-cü iclasında iştirak etmək üçün Moskva şəhərinə səfər edib. Oktyabrın 13-də DVX rəisi Orxan Nəzərli Federal Vergi Xidmətinin rəhbəri Daniil Yeqorovla görüşüb. Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi görüşdə iki ölkənin vergi xidmətləri arasında əlaqələr və əməkdaşlıq məsələləri, həmçinin vergi orqanlarının rəqəmsallaşma sahəsində həyata keçirilən işləri barədə geniş spektrdə müzakirələr aparılıb, ölkələrin bu sahədə təcrübələri ilə bağlı təqdimatlar olub. O.Nəzərli bildirib ki, Azərbaycan Rusiya vergi orqanlarının rəqəmsallaşma sahəsində təcrübəsini yaxından izləyir və mütərəqqi yeniliklərin milli vergi sistemində tətbiqi imkanlarını araşdırır.

DVX rəisi Azərbaycanın vergi sistemində həyata keçirilən layihələr barədə rusiyalı həmkarlarını məlumatlandırıb.

Görüş çərçivəsində ölkəmizdə “kölgə iqtisadiyyatı”nın azaldılmasına yönəldilmiş və təsərrüfat subyektlərinin şəffaflığının artırılmasını hədəfləyən “ƏDV geri al” layihəsi barədə də məlumat verilib.

DVX rəisi vergi ödəyicilərinə göstərilən elektron xidmətlər barədə də məlumat verərək bildirib ki, vergi orqanları sahibkarlara 69 elektron xidmət göstərir. Hazırda bu xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Görüş zamanı Rusiya tərəfi rəqəmsallaşma sahəsində milli təcrübəsi ilə bağlı təqdimatlar edib. Federal Vergi Xidmətinin “ƏDV-nin büdcədən qaytarılmasına avtomatlaşdırılmış nəzarət sistemi”ni (АСК НДС 2) nümayiş etdirilib. Bu sistem vergi ödəyicilərinin təqdim etdiyi bəyannamələrdə səhvlərin, şirkətlər və fərdi sahibkarlar tərəfindən istifadə olunan riskli və qeyri-real əməliyyatlarınmüəyyən edilməsi üçün tətbiq olunur.

Federal Vergi Xidmətinin nümayiş etdirdiyi növbəti təqdimat fərdi əməklə məşğul olanların vergitutma sistemi ilə bağlı olub. Bildirilib ki, 2019-cu ildən özünüməşğul vətəndaşlar üçün yeni xüsusi vergi rejimi tətbiq edilir. Peşə gəlirlərinə vergini müəyyən edən bu rejim 10 il müddətinə Rusiyanın bütün subyektlərini əhatə edir.

Görüş zamanı Azərbaycan nümayəndə heyəti də ölkəmizin rəqəmsallaşma sahəsində həyata keçirilən bir sıra layihələr üzrə təqdimatlar edib.

Oktyabrın 14-də işçi qrupun 3-cü iclası keçirilib. İclasda vergi xidmətlərinin müxtəlif sahələrdə rəqəmsallaşma imkanları barədə geniş müzakirələr aparılıb.

İclasın sonunda tərəflər arasında protokol imzalanıb. Tərəflər gələcəkdə vergi inzibatçılığı sahəsində, o cümlədən ƏDV inzibatçılığı və yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi sistemləri, elektron kommersiyaya nəzarət, iri ticarət mərkəzlərində operativ nəzarət mexanizmləri sahələrində mütərəqqi təcrübələr barədə məlumat mübadiləsi aparmağı, İİƏT çərçivəsində məlumat mübadiləsi sisteminin təcrübəsi əsasında maliyyə informasiyalarının mübadiləsi və ondan istifadə edilməsini, eləcə də təsərrüfat subyektlərinin sərhədlərarası elektron sənəd dövriyyəsinin təşkili üçün ikitərəfli pilot layihənin hazırlanması ilə bağlı imkanları nəzərdən keçirməyi qərara alıblar.

Mission News Theme by Compete Themes.