Press "Enter" to skip to content

Təbrizli milli fəal məhkəməyə çağrılıb

Bayraqdar.info – Məhkəmənin elektron sistemi vasitəsilə aldığı bildirşlə təbrizli milli-mədəni fəal Əbülfəz Kəramətidən oktyabrın 18-i, səhər saat 10-da Təbrizin ikinci Cəza Məhkəməsinin 112-ci bölməsində olması istənilib.

Milli fəal “qeyri-adi hərəkətlər etmək, ictimai asayişin pozulmasına səbəb olan və qanunsuz yığıncaqlara qatılmaqla vətəndaşların iş rejiminə, asayiş və təhlükəsizliyinə xələl gətirmək”də ittiham olunur.

Ə.Kəraməti 2021-ci il iyulun 24-də Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. O, 28 iyulda 300 milyon tümənlik girov qarşılığında Təbriz zindanından müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Xatırladaq ki, Güney Azərbaycanın siyasi təşkilatları və milli fəallarının Xuzistan bölgəsində həftələrlə davam edən etirazlara dəstək məqsədilə 24 iyul tarixinə verilən çağırış nəticəsdində Təbrizdə etiraz mitinqi keçirilmişdi. İran polisi və təhlükəsizlik qüvvələri digər şəhərlərdə əhalinin toplaşmasına icazə verməmişdilər.

Təbrizdə keçirilən etiraz mitinqində əhali, ölkənin cənub qərbində yerləşən Əhvaz bölgəsində ərəb icmasının etirazlarına dəstək məqsədilə “Azərbaycan əl-Əhvaz, İttihad, ittihad” və bu kimi şüarlar səsləndirərək hökumətin siyasətinə etiraz etmişdilər.

Etiraz aksiyası günü, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılmışdı.

Onlar dindirildikdən sonra Təbriz zindanına köçürülmüş, sonradan ağır girovlar qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmışdılar.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.