Press "Enter" to skip to content

Bütöv Azərbaycan məsələsi daim gündəmimizdədir – ÖZƏL

Mahmud Bilgin

Mahmud Bilgin: İranın mövcud rejimi Azərbaycanın uğurlarını həzm edə bilmir və ona görə də bu cür çirkin addımlara əl atır

Bayraqdar.info – Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər həm torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi, həm də regionda yeni reallıqlar yaratdı. Bu gün prosesləri ağıllı başla, düzgün şəkildə dəyərləndirə bilən dövlətlər bu reallıqlara uyğun olaraq davranırlar. Lakin təəssüflər olsun ki, reallıqları düzgün dəyərləndirə bilməyən, yaxud da dəyərləndirmək istəməyən ölkələr də var. Məsələn, cənub qonşumuz İran kimi.

Bəli, nə qədər acınacaqlı olsa da İran adlanan dövlət hazırda nə mehriban qonşuluğa, nə də beynəlxalq prinsiplərə uyğun mövqe sərgiləmir. Bəs, İranın, daha doğrusu, bu ölkədəki mövcud rejimin Azərbaycana qarşı sərgilədiyi düşmən mövqe nədən qaynaqlanır?

Güney Azərbaycan Demokrat Partiyasının (GADP) yaradıcılarından biri, hazırda bu partiyanın sözçüsü olan Mahmud Bilginin bayraqdar.info-ya özəl müsahibəsində həm bu, həm də digər suallara cavab aldıq.

Məlumat üçün bildirək ki, 1956-cı ildə Güney Azərbaycanın Urmiya şəhərində anadan olan və hazırda İsvecdə yaşayan M.Bilgin gənc yaşlarından siyasi proseslərə qoşulub. Daha dəqiq desək, artıq 45 ildir ki, siyasətdə olan M.Bilgin bunun 30 ilini məhz Güney Azərbaycan milli-siyasi məsələlərinə həsr edib. “Hər zaman azərbaycanlı olmağımla fəxr etmişəm və Bütöv Azərbaycanın varlığına inanıram” deyən M.Bilgin bir güney azərbaycanlı olaraq Avropada fəallıq göstərib və hazırda da Güney Azərbaycanın milli müqəddəratını təyin etməsi uğrunda mübarizə aparır. 2002-ci ildə Güney Azərbaycan Milli Oyanış Hərəkatının, 2008-ci ildə isə Güney Azərbaycan Demokrat Partiyasının yaradıcılarındandır:

Biz Güney Azərbaycanın öz milli müqəddaratını təyin etməsi və millətimizin rifahı üçün mübarizə aparırıq

-Mahmud bəy, GADP-nin əsas məram və məqsədi nədir?

-GADP 2008-ci il martın 22-də türkçülük, azərbaycançılıq və demokratikləşmə şüarı ilə yaranıb. Biz Güney Azərbaycanın öz milli müqəddəratını təyin etməsi və millətimizin rifahı üçün mübarizə aparırıq. GADP-in əsas məsələsi Güney Azərbaycan olsa da, Bütöv Azərbaycan məsələsi də daim gündəmimizdədir. Onu da deyim ki, Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının (UNPO ) üzvüyük. Çoxsaylı ABŞ konqresmənləri, Avropa parlamentariləri, həmçinin beynəlxalq QHT-lərlə fəal əməkdaşlıq şəklində davamızı bütün dünyaya çatdırırıq.

İran rejimi işğal altındakı Azərbaycan torpaqlarından heroin qaçaqmalçılığı üçün tranzit kimi istifadə edirdi

-Bəlli olduğu kimi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsi İranı ciddi şəkildə narahat etməyə başlayıb. Sizcə, onları narahat edən nədir?

-Kimsəyə sirr deyil ki, İran rejimi Birinci Qarabağ müharibəsində gizli yolla Ermənistana yardım edirdi. Amma həmin vaxt rejim bir növ öz əməllərini maskalamağa çalışırdı. Sanki belə təəssürat yaratmağa çalışırdı ki, hər iki dövlət də (Azəırbaycan və Ermənistan – red.) mənim qonşumdur. Yəni İran sanki özünü bitərəf kimi göstərirdi. Amma bu hiylə idi və Azərbaycanın 44 günlük Vətən savaşında əldə etdiyi qələbə artıq İran rejiminin maskasını cırdı və bu rejimin əsl üzü aşkar oldu. Rejimin bu cür ifşa olması öz növbəsində bir sıra gerçəkliklərə işıq saldı. Yəni, Birinci Qarabağ savaşı zamanı və savaşdan sonra İran rejimi pərdə arxasında gizlənərək, Ermənistandan Azərbaycana qarşı vasitə kimi istifadə edirdi. Amma bu dəfə məcbur qalaraq əsl sifətini ortaya qoydu. Beləliklə, İran rejimi bu dəfə açıq şəkildə Azərbaycana qarşı çıxmağa başladı, Azərbaycan dövlətinə meydan oxumağa cəhd göstərdi. Amma rejim bilmirdi ki, artıq dəngələr pozulub. Azərbaycanın qələbəsi geosiyasi məsələlərdə də dəngələri tamamilə dəyişib.

-Yəni, İran Azərbaycanın uğurlarını həzm edə bilmir?

-Bəli. İran rejiminin bu aqressiyasının əsas səbəbi Azərbaycan dövlətinin və xalqının varlığı, Azərbaycanın uğurları və daim irəli getməsidir. İranın mövcud rejimi Azərbaycanın uğurlarını həzm edə bilmir və ona görə də bu cür çirkin addımlara əl atır. Onu da deyim ki, Vətən savaşına qədər İran rejimi Ermənistan vasitəsilə çirkli pullarını yuyurdu, həmçinin işğal altındakı Azərbaycan torpaqlarından heroin qaçaqmalçılığı üçün tranzit kimi istifadə edirdi. Vətən savaşından sonra isə bütün bu imkanlar da rejimin əlindən çıxdı və ona görə də onlar indi dəliyə dönüblər. Amma rejim bu məsələdə də nə qədər siyasi və dünya proseslərindən geridə qaldığını nümayiş etdirdi. Bəlli oldu ki, İran artıq tamamilə gücdən düşüb və keçmişdəki İrandan əsər-əlamət yoxdu. Bu ölkədəki rejimin ağılla deyil, güclə hərəkət etməyə üstünlük verməsi isə, onları daha da acınacaqlı duruma saldı. Bütün bunlar rejimin son çırpınışları kimi görünür və bu cür ağılsız addımların atılması davam edərsə, o zaman İranın bütövlüyü sual altına düşəcək.

Bu gün İran rejiminin Ermənistandan başqa heç bir qonşusu ilə normal münasibəti yoxdur

-Bu gün Güney Azərbaycanda milli maraqlara əsaslanan partiyalaşma prosesini həm də milli mücadilənin göstəricisi kimi dəyərləndirmək olarmı?

-Çox düz deyirsiniz ki, Güney Azərbaycanda partiyaların formalaşması və yaranması milli siyasi mücadilənin göstəricisidir. Milli siyasi mücadilə açıq və aydın millətin qurtuluşu, azadlığı, rifahı üçün savaşdır və siyasi baxımdan dövlətçiliyi hədəf tutan bir hərəkatdır. Sual oluna bilər ki, bu partiyaların mücadiləsi hansı mərhələdədir? Əgər 20 il əvvəl danışsaydıq deyə bilərdik ki, oyanış birinci sırada idi. Əlbəttə ki, oyanış bu gün də davam edir. Ancaq oyanış prosesinə artıq həmrəylik və birlik də qatılıb. Bununla da biz artıq dirəniş, müqavimət mərhələsindəyik. Amma təbii ki, bu, siyasi sahədə aparılır və həm də 44 günlük Vətən savaşının nəticəsidir. Bu məqamda bir vacib məsələni də xatırlatmağı özümə borc bilirəm. Bu gün İran rejiminin Ermənistandan başqa heç bir qonşusu ilə normal münasibəti yoxdur. Bu da bizim partiyalar üçün əlverişli şərait yaradıb. Yəni rejimə birbaşa siyasi baxımdan meydan oxumağa imkan yaranıb. Bu isə bizi istədiyimiz hədəfə doğru aparır. Bu hədəf dövlətçiliyimizi qurmaq və rejimə qarşı digər qeyri-fars millətlərlə birlikdə mübarizə aparmaqdır.

-Bəs, bu gün Güney Azərbaycanla bağlı təşkilatlar, partiyalar arasında münasibətlər necədir? Hamı çəkici bir yerə vura bilirmi?

-44 günlük savaş həm də bu birliyin əsasını qoydu. 9 Güney Azərbaycan siyasi təşkilatı bir araya gəlib. Artıq təşkilatlarımız keçmişdəki kimi bir-birinə qarşı mübarizə aparmırlar. Əksinə, birlikdə fras şovinizminə qarşı mübarizə aparırlar. Bu işdə qeyri-fars siyasi təşkilatları da fəallıq göstərirlər. Amma təəsüflər olsun ki, bunu İrandakı kürdlər haqqında deyə bilməyəcəm. Çünki onlar da ermənilər kimi rejimin maşası olmaqda davam edirlər. Arzu edirik ki, onlar da Ermənistanın məğlubiyyətindən dərs alsınlar və bizim torpaqlara göz dikməkdən əl çəksinlər. İran rejiminin dəstəyinə bel bağlayıb bizim torpaqlarda qondarma Kürdüstan xəyalına düşməsinlər. Anlamalıdırlar ki, türklərə qarşı çıxmaq, Güney Azərbaycan torpaqlarına göz dikmək onlara yaxşı heç nə vəd etmir. Bir daha sualınıza qayıdaraq deyirəm ki, biz bu gün birlikdəyik. Bunu son vaxtlar dəfələrlə nümayiş etdirmişik. Bu birlik sayəsində İran rejiminə qarşı da daha kəskin mübarizə aparıb xalqımızın azadlığına nail olacayıq. Bu birlik İranın gələcəkdə hansı formada öz mövcudluğunu davam etdirməsində də öz sözünü deyəcək.

Mission News Theme by Compete Themes.