Press "Enter" to skip to content

Baş qazi Etimad Əsədovun xatirə günüdür

Bayraqdar.info – Bu gün Baş qazi Ehtimat Əsədovun vəfatının üçüncü ildönümüdür. Qəhrəman Vətən oğlunun xatirəsilə bağlı qaziler.az saytının yaydığı yazını təqdim edirik.

Qaziler.az bildirir ki, 1-ci Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri olmuş Etimad Əsədovun vəfatından üç il ötür.

Əsədov Ehtimat Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kəndin orta məktəbində oxuyub.

1982-84-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda xidmət edərək erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci il mart ayının 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri olub.

2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.

Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixində imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxmışdı.

Ali təhsilli idi.

Özündən sonra iki övladı – Fidan adında qızı, Əli adında oğlu əmanət qalıb.

Xatırladaq ki, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov 2018-ci il, oktyabr ayının 16-da vəfat edib.

Ruhu şad, məkanı cənnət olsun.

Mission News Theme by Compete Themes.