Press "Enter" to skip to content

Türk Keneşi nəqliyyat nazirlikləri Budapeştdə toplandı

Bayraqdar.info – Türk Keneşinə üzv və müşahidəçi dövlətlərin nəqliyyat sahəsinə məsul nazirliklərinin təmsilçiləri Macarıstanın paytaxtı Budapeşt şəhərində bir araya gəlib.

Bununla bağlı xəbəri Türk Keneşi oktyabrın 14-də yayıb.

5-cisi gerçəkləşən toplantı Macarıstanın innovasiya və texnologiya naziri Laszlo Palkovicsin ev sahibliyi və Türk Keneşinin Baş katibi Bağdan Amreyevin moderatorluğu ilə işinə başlayıb.

Toplantıya Türk Keneşi Ağsaqqallar Şurasının Türkiyədən olan üzvü Binali Yıldırım, Qırğızıstan nəqliyyat və rabitə naziri Erkinbek Osoyev, Türkiyə nəqliyyat və altyapı naziri Adil Karaismailoğlu, Azərbaycan rəqəmsal inkişaf və rabitə nazirinin müavini Rəhman Hümmətov, Qazaxıstan sənaye və altyapının inkişafı nazirinin müavini Ruslan Baymişev, Özbəkistan nəqliyyat nazirinin müavini Abdusamat Muminov və Macarıstan İnnovasiya və Texnologiya Nazirliyi nəqliyyat siyasətindən sorumlu dövlət naziri László Mosóczi qatılıb.

Tədbirdə çıxış edən Macarıstanlı nazir bildirib ki, ölkəsi Türk Keneşi üzv dövlətləri, eləcə də türk dünyasıyla əlaqələrə yüksək önəm verir. O ölkəsinin müzakirə edilən məsələlərdə Avropanın mərkəzi olma istəyindən də danışıb.

Türk Keneşi ağsaqqalı B.Yıldırım türk dövlətlərinin iqtisadi potensialına diqqət çəkib. O, trans-Xəzər dəhlizinin inkişafı üçün üzv dövlətlər tərəfindən atılan addımlar haqqında danışıb.

Yeri gəlmişkən, Binali Yıldırım məsələylə bağlı sosial media hesabında diqqət çəkən paylaşım da edib.

Türk Keneşinin Baş katibi B.Amreyev isə müzakirə edilən məsələlərlə bağlı görülən işlər haqqında bilgi verib. B.Amreyev Azərbaycanın Vətən müharibəsindəki zəfərinin Zəngəzur dəhlizi də daxil olmaqla yeni dəhlizlər və yolların açılması üçün imkanlar yaratdığını vurğulayıb.

Toplantının sonunda bir sıra anlaşmalar ətrafında fikir mübadiləsi aparılıb, daşımaçılıqla bağlı razılaşmalar əldə edilib.

Mission News Theme by Compete Themes.