Press "Enter" to skip to content

Tərtərdə 265 şəxs özünüməşğulluğa cəlb edilib 

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və qazilər üçün özünüməşğulluq proqramı üzrə yaradılan kiçik təsərrüfatlarla media nümayəndələrinin əyani tanışlığı üçün növbəti mediatur təşkil edib. Bu dəfə junalistlər Tərtər rayonunda yaradılan kiçik təsərrüfatlarla tanış olublar.

Bu barədə bayraqdar.info-ya oktyabrın 15-də Agentlikdən məlumat verilib.

Vurğulanıb ki, media nümayəndələrinə 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri üzvlərinin, qazilərin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, artıq 31min şəxsi əhatə edən bu tədbirlərin bir istiqaməti də onların məşğulluq məsələlərinin həllidir.

Bildirilib ki, postmüharibə dövründə həmin kateqoriyalara aid 5320 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 2019 şəxs isə münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 548 işəgötürən qoşulub və 2967 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 873 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Tərtər rayonunda da bu sahədə mühüm işlər aparılır. Media nümayəndələri şəhid Yasən Mehdiyevin atası Alim Mehdiyev üçün yaradılmış təsərrüfatla tanış olublar. A.Mehdiyev postmüharibə dövründə növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Proqramın dəstəyi ilə bərbər fəaliyyəti üzrə avadanlıqlarla təmin edilərək öz kiçik biznesini qurub.

Şəhid Xəyal Aslanovun anası Nəzakət Aslanova isə proqram vasitəsilə iribuynuzlu heyvandarlıq sahəsi üzrə öz təsərrüfatını yaradıb.

Vətən müharibəsi qazisi Ceyhun Quliyevə öz istəyi əsasında avtotəmizləmə sahəsi üzrə avadanlıqlar təqdim edilib.

Proqram iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya, onlara öz kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar öz ailə təsərüfatlarını gələcəkdə genişləndirmək əzmində olduqlarını vurğulayıblar.

Qeyd edək ki, Tərtər rayonu üzrə bu il həssas əhali qruplarına aid 265 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Mission News Theme by Compete Themes.