Press "Enter" to skip to content

Prezidentdən Ermənistan və İranla bağlı ciddi fikirlər

İlham Əliyev

Son yeniləmə: 15 Oktyabr 2021 15:25

Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edir.

Prezidentin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, dövlət başçısı iclasda çıxış edib.

Bayraqdar.info xəbər verir ki, dövlət başçılarının çıxışı “Rossiya 24” kanalında canlı yayınlanıb.

Öz çıxışında ölkə başçısı Azərbaycanla Ermənistanın hərbi əməliyyatlarının dayandırılmasında Rusiya Prezidenti Vladimir Putinin xüsusi rolunu qeyd edib: “Bu, hər iki tərəfdən minlərlə insanın qurban getməsindən qaçmağa imkan verib. Üçtərəfli Bəyanata müvafiq olaraq Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxarıb.

“O vaxta qədər Azərbaycanın Silahlı Qüvvələri döyüş meydanında 300-dən çox şəhəri və kəndi azad edib. Beləliklə, artıq qeyd edildiyi kimi, münaqişə hərbi-siyasi yolla həll edilib. Üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlıları yerləşdirilib. Nəqliyyat kommunikasiyalarının açılması məsələlərinin həlli üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb”.

Prezident bildirib ki, Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümid edirik ki, Ermənistan bu tarixi şansı əldən verməyəcək.

“Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin yardımı ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Prezident vurğulayıb ki, işğal edilmiş ərazilərdə evlər və binalar kərpic-kərpic sökülüb, Ermənistana və İrana satılıb.

“İşğaldan azad edilmiş ərazilərdə otuz il ərzində demək olar ki, bütün binalar, tarixi abidələr məhv edilib. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb”, – deyən Azərbaycan Prezidenti bildirib ki, “qalan iki məsciddə ermənilər donuz və inək saxlamaqla qəsdən müsəlmanların heysiyyatını təhqir ediblər. Təbiətə də böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”.

Ölkə başçısı müharibədən sonra Azərbaycanın 150-dən çox vətəndaşının minaya düşərək həlak olduğunu, yaxud ciddi xəsarət aldığını diqqətə çatdırıb.

Prezident vurğulayıb ki, Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.

“Müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa da hazırıq”.

Daha sonra dövlət başçısı vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

“Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”, – deyə Azərbaycan Prezidenti bildirib.

Mission News Theme by Compete Themes.