Press "Enter" to skip to content

Nazir Çexiya səfiri və GUAM-ın Baş katibi ilə görüşüb

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov oktyabrın 14-də Çexiya Respublikasının ölkədəki səfiri Milan Ekert ilə görüş keçirib.

Məlumat bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Nazir Anar Kərimov Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Bu münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğundan danışıb. Əməkdaşlıqda prioritet məsələ kimi mədəni irsin qorunması, kreativ industriyanın təkmilləşdirilməsi, film və musiqi sahəsinin inkişafının zəruriliyindən bəhs edib. İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən tarixi abidələrin bərpası prosesində Çexiyadan olan peşəkarların təcrübəsindən faydalanmağın əhəmiyyətini bildirib.

A.Kərimov həmçinin “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib. Çexiya Respublikasını da bu önəmli platformaya qoşulmağa dəvət edib.

Səfir Milan Ekert qəbula görə minnətdarlığını bildirib. Azərbaycanın caz musiqi ənənələrinin zəngin tarixindən bəhs edən səfir Nizami ili çərçivəsində dahi şairin əsərlərinin çex dilinə tərcüməsinin vacibliyini dilə gətirib. İki ölkə arasında gələcək inkişaf perspektivlərindən danışan diplomat bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Daha sonra nazir oktyabrın 14-də Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM -ın Baş katibi Altay Əfəndiyevlə görüşüb.

Görüş zamanı regional təşkilat olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) çərçivəsində əməkdaşlığın əsas istiqamətləri və perspektivləri barədə müzakirələr aparılıb. Fəal əməkdaşlıq əlaqələrinin qurulması, birgə fəaliyyətin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib.

A.Kərimov təşkilatın həmçinin mədəniyyət dəhlizi rolunu oynadığını, quruma üzv ölkələr arasında əməkdaşlığın layihəyönümlü fəaliyyət istiqamətini gücləndirməklə daha da inkişaf edəcəyini deyib. Nazir Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib.

A.Əfəndiyev GUAM Katibliyinin üzv dövlətlərlə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün hər zaman dəstək göstərdiyini vurğulayıb. Təşkilata daxil olan ölkələrin ümumi maraqları çərçivəsində uğurlu nəticələr əldə etməsi üçün daha aktiv əməkdaşlığın vacibliyi qeyd olunub.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Mission News Theme by Compete Themes.