Press "Enter" to skip to content

İtaliyada Azərbaycan Vətən müharibəsinin şəhidləri yad edilib

Bayraqdar.info – İtaliyanın Abruzzo regionunun Sante Marie bələdiyyəsində Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olmuş şəhidlərimizin anım tədbirləri keçirilib.

Bu barədə bayraqdar.info-ya ölkəmizin İtaliyadakı səfirliindən məlumat verilib.

Qeyd edilib ki, Sante Marie bələdiyyəsi Vətən müharibəsi vaxtı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən, Azərbaycan xalqı ilə həmrəylik və ölkəmizin ərazi bütövlüyünə dəstək nümayiş etdirən sənədlər qəbul etmiş İtaliyanın çoxsaylı şəhər və bələdiyyələrindən biridir.

Beləliklə, ilk öncə Sante Marie bələdiyyə Şurasında yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Sante Marie bələdiyyəsinin sədri Lorenzo Berardinetti və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış ediblər.

Azərbaycan-İtaliya arasında sıx əlaqələrin mövcudluğundan danışan natiqlər, iki ölkə arasında xalqlararası təmasların, çətin məqamlarda qarşılıqlı dəstək və həmrəyliyin vacibliyindən bəhs ediblər. Bu xüsusda, M.Əhmədzadə Vətən müharibəsi dövründə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmiş çoxsaylı İtaliya şəhər və bələdiyyələri arasında Sante Marie bələdiyyəsinin də olmasına görə bələdiyyə rəhbərliyinə və bələdiyyə Şurasının üzvlərinə təşəkkürünü bildirib.

Tədbirdən sonra Sante Marie bələdiyyəsinin “Don Beniamino” zalında Azərbaycan və İtaliya dostluğuna və Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsinə həsr olunmuş konsert keçirilib. Konsertdə İtaliyanın “I Bricconcello” kamera ansamblının üzvləri pianoçu Luciano Di Giandomenico və violonçel ifaçısı Pierluici Ruccieronun ifasında Azərbaycan və İtaliya klassik və xalq musiqi parçaları təqdim edilib. Konsertdə İtaliya musiqiçilərinin ifasında təqdim olunmuş “Sarı gəlin” xalq mahnısı və Fərhad Bədəlbəylinin “Şuşa” kompozisiyası xüsusi maraqla qarşılanıb.

Mission News Theme by Compete Themes.