Bayraqdar.info – Oktyabrın 14-də İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Vətən müharibəsində iştirak edən 22 təhsil işçisi, media qurumlarının rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Məlumat oktyabrın 15-də bayraqdar.info-ya Təhsil Nazirliyindən daxil olub.
“Tədbir canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
“Nazir müavini F.Qurbanov 44 günlük Vətən müharibəsi zamanı 760 təhsil işçisinin düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu, onlardan 20 nəfərin şəhid olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. O, 14 oktyabrın İsmayıllı rayonu 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin şəhidlik zirvəsinə ucaldığı gün olduğunu xüsusi qeyd edərək vətənpərvər oğulların qəhrəmanlıqlarından, döyüş şücaətlərindən danışıb.
“Tədbirdə həmçinin Vətən müharibəsi iştirakçısı olan müəllimlərin xatirələrindən ibarət kitabın çap olunması ideyası səslənib.
“Daha sonra döyüşdə iştirak edən təhsil işçiləri çıxış edərək xatirələrini bölüşüb, onlara göstərilən diqqət üçün təşəkkürlərini ifadə ediblər.” Məlumatda belə deyilir.