Son yeniləmə: 15 Oktyabr 2021 11:30
Sedat Serdaroğlu: Düşmənlərimizi yaxşı tanımalıyıq ki, gələcəkdə təkrar faciələrə tuş gəlməyək
Bayraqdar.info – Türkiyənin Denizli şəhərində keçirilən 4-cü kitab sərgisi böyük maraqla qarşılanıb. Denizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan sərgidə 350 yazar və 250 nəşriyyat iştirak edir. Denizli Böyükşəhər Bələdiyyəsinin Konqres və Mədəniyyət Mərkəzində oktyabrın 8-də keçirilən açılış mərasimində çıxış edən Bələdiyyə başqanı Osman Zolan “Hədəfimiz başda uşaqlar olmaqla insanlarımızı kitabla görüşdürməkdir” deyib.
Bu barədə bayraqdar.info-ya tanınmış yazar, Denizlidəki Türk Eğitim Vəqfi Anadolu Liseyinin tarix müəllimi Sedat Serdaroğlu məlumat verib.
Bildirilib ki, açılış mərasimində Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolanla yanaşı AK Parti qrup başqanvekili, Denizli millət vəkili Cahit Özkan, Pamukkale Bələdiyyəsinin başqanı Avni Örki, həmçinin yazarlar və gənclər də iştirak edib.
Yeri gəlmişkən oktyabrın 17-dək davam edəcək və ilk 6 gün ərzində 190 minə yaxın insanın baş çəkdiyi kitab sərgisində həm də Azərbaycandan, Qarabağdan söz açılıb. Belə ki, Sedat Serdaroğlunun müəllifi olduğu “Vatansız Çiçekler” romanı da sərgidə bir daha oxuculara təqdim olunub.
Məlumat üçün bildirək ki, roman ahıska türklərinin 1944-cü ildən Ahıskadan başlayıb, Özbəkistana, ordan isə Azərbaycana uzanan taleyindən bəhs edir. Romanda Ahıska türklərinin Xocalıya yerləşməsi, sonra isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yaşanan fəlakətlərin, insanlıq əleyhinə cinayətlərin, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımının şahidinə çevrilmələri böyük ürək ağrısı ilə verilib.
Beləliklə, sərgi çərçivəsində həm kitabın imza günü keçirilib, həm də S.Serdaroğlunun “Xocalı soyqırımı” mövzusunda məruzəsi dinlənilib. Məruzəsində “Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən ağrılı faciəsidir”- deyən S.Sərdaroğlu faciə haqqqında həqiqətlərin denizlililərə çatdırılması istiqamətində görülən işlərdən də danışıb: “Mən harada işləmişəmsə, Türk dünyasının başına gətirilən facilər, o cümlədən Xocalı soyqırımı haqqında gələcək nəsillərin daha çox bilik əldə etməsinə çalışmışam. Biz türklər düşmənlərimizi yaxşı tanımalıyıq ki, gələcəkdə təkrar faciələrə tuş gəlməyək”.
Yeri gəlmişkən, S.Serdaroğlunun belə bir roman yazması, orada Xocalı faciəsinə xüsusi yer ayırması heç də təsadüfi deyil. Belə ki, o Azərbaycana sevgisi ilə tanınan ziyalılardan biridir. Eyni zamanda, bir neçə il öncə məhz S.Serdaroğlunun təşəbbüsü ilə Türk Eğitim Vəqfi Anadolu Liseyinin şagirdlərindən ibarət “Xocalı çalışma qrupu” adlı dərnək yaradılıb. Məlumat üçün bildirək ki, S.Serdaroğlunun bu fəaliyyətləri ilə bağlı geniş müsahibəsi tezliklə bayraqdar.info oxucularına təqdim olunacaq.