Press "Enter" to skip to content

Cəlilabadda kartofçuluq üzrə sərgi-satış yarmarkası

Bayraqdar.info – Oktyabrın 14-də fermerlərin istək və ehtiyacları nəzərə alınaraq Cəlilabad rayonunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kartofçuluq sahəsində istifadə olunan toxum, kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçirilib.

Bu barədə bayraqdar.info-ya KTN-dən məlumat verilib.

“Yarmarkada Nazirliyin müvafiq qurumları, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, “Aqroservis” ASC, Respublikanın müxtəlif bölgələrindən kartof toxumçuluğu ilə məşğul olan fiziki və hüquqi şəxslər iştirak ediblər. Aqrokimyəvi maddələr və pestisidlərin satışı ilə məşğul olan müəssisələr, əsasən isə texnika satışı ilə məşğul olan şirkətlər, eləcə də fermerlər və torpaq mülkiyyətçiləri sərgidən yararlanıblar.

Sərgidə sahənin inkişafı üçün lazım olan bütün texnikalar, gübrəsəpənlər, frezlər, dərmansəpənlər və digər avadanlıqlar, həmçinin kartofun müxtəlif sortları fermerlər üçün nümayiş olunub. Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu tərəfindən “in vitro” üsulu ilə əldə olunmuş kartof toxum materialları təqdim edilib.

Yarmarkanın keçirilməsində əsas məqsəd kartof sahələrində məhsulun kütləvi yığımı zamanı itkisiz aparılması üçün istehsalçılara lazım olan yeni innovativ texnikalarla tanışlıqdır. Həmçinin, ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsini tətbiq etməklə məhsuldarlığın artırılması da prioritetdir.

Sərgi-satış yarmarkasında iştirak edən fermerlərə bu sahəyə dair yeni məlumatlar verilib və sahənin inkişafında istifadə olunan metodlar barəsində ətraflı maarifləndirmə aparılıb.

Mission News Theme by Compete Themes.