Bayraqdar.info – Özəlliklə türk dünyasına yönəlik fəaliyyətilə seçilən bayraqdar.info qısa müddətdə Azərbaycanın sərhədlərini aşaraq dünyanın müxtəlif ölkələrindən izlənilməkdədir. 1 aprel 2021-ci ildən fəaliyyətə başlayan bayraqdar.info artıq 102 ölkədən ziyarət edilib, aparıcı siyasət mərkəzlərinin diqqətini cəlb edə bilib. Bu qısa müddətdə kifayət qədər təqdir toplayan sayta həm də jurnalistlərin marağı artıb, təcrübəli və tanınmış qələm adamları bayraqdar.info ilə əməkdaşlığa həvəs göstərir.
Bu baxımdan Azərbaycanın tanınmış qələm sahiblərindən biri, Əməkdar jurnalist, uzun müddətli jurnalist təcrübəsilə imzasını tanıtmış Nadir Azəri bayraqdar.info ilə işləmək qərarına gəlib.
Oktyabrın 14-də N.Azərinin açıqladığına görə, o, artıq bayraqdar.info yazarları sırasına qoşulur. İlkin olaraq redaktor kimi fəaliyyətə başlayacaq tanınmış jurnalist əsasən Azərbaycandan qərbdə və cənubda yerləşən türk topluluqlarıyla işləyəcək. O, eyni zamanda ölkə gündəmindən məsul olacaq.
Bayraqdar.info-nun redaktoru Azər Həsrət bu xəbəri sevinclə qarşıladıqlarını deyib: “Nadir Azəri çağdaş Azərbaycan jurnalistikasının ən tanınmış və peşəkar qələm sahiblərindən biridir. Özəlliklə də dövlət və dövlətçilik məsələlərində prinsipial mövqeyi, media etikasına bağlılığı bizim üçün əlavə üstünlükdür. O baxımdan Nadir bəyin sıralarımıza qoşulması bizi fövqəladə məmnun etməkdədir”.
A.Həsrət onu da əlavə edib ki, N.Azərinin gəlişindən sonra bayraqdar.info-da vəzifə dəyişiklikləri də olacaq. İş ondadır ki, hazırda bayraqdar.info-da baş redaktor vəzifəsi yoxdur. N.Azərinin gəlişindən sonra – önümüzdəki həftənin ilk günündən sayta baş redaktor təyin ediləcək. N.Azəri isə, qeyd edildiyi kimi, redaktor kimi oktyabrın 15-dən fəaliyyətə başlayacaq.
Baş redaktor vəzifəsini hələlik A.Həsrətin özünün yerinə yetirəcəyi bildirilir.
Əlavə edək ki, N.Azəri ölkənin ən məşhur media qurumlarında uzun müddətli fəaliyyət göstərib. O, bugünlərə kimi “Yeni Azərbaycan” qəzetində (Nadir İsmayılov imzasıyla), daha öncə isə “Yeni Müsavat” və “Bu gün” də daxil olmaqla bir sıra populyar nəşrlərdə səmərəli fəaliyyətilə seçilib. Hazırda jurnalist fəaliyyətilə yanaşı QHT sektorunda da fəaldır. O, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) adlı QHT-nin sədridir.