Press "Enter" to skip to content

Təbrizli fəallardan Əlirza Fərşiyə qarşı basqılara etiraz

Bayraqdar.info – Təbrizin bir qrup milli-mədəni fəalı Tehranın “Fəşafuyə” zindanında saxlanılan türk dili fəalı Əlirza Fərşinin bannerlərini şəhərin bir neçə yerində asaraq, ona dəstəklərini ifadə edib və Tehran hökumətinin mədəni fəala qarşı basqılarına etirazlarını bildiriblər.

Bannerlərdə Fərşinin fotosu üzərində “Azadlıq”, “Əlirza Fərşi”, “İnsan azadlığa məhkumdur”, “Ver əlini əlimə, uçmağından qovulmuş həsrətində yanıram – 43 ildir uzaqda qara yerdə yatıram” məzmunlu ifadələr yazılıb.

Əlirza Fərşi 2014-cü il iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il məhbəs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci il iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.