Press "Enter" to skip to content

Mahmud Bilgin: 44 günlük Vətən savaşı Güney Azərbaycanda milli oyanışı daha da gücləndirdi

Mahmud Bilgin

Son yeniləmə: 14 Oktyabr 2021 13:04

Bayraqdar.info – “Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki misilsiz qəhrəmanlığı tarixə düşdü. Bu savaş Güney Azərbaycan Milli Hərəkatı üçün də böyük şərəf və qürur mənbəyi oldu. Daha doğrusu, 44 günlük Vətən savaşı Güney Azərbaycanda milli oyanışı daha da gücləndirdi.”

Bunu bayraqdar.info-ya özl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

Onun sözlərinə görə, əvvəllər özlərini iranlı bilən bəzi güneylilər də bu savaşdan sonra artıq azərbaycanlı olduqları ilə fəxr etməyə başlayıblar: “Vətən savaşındakı tarixi qələbə Güneydə Azərbaycan sevdasını və sevgisini daha da gücləndirdi”.

M.Bilgin qeyd edib ki, bu müharibənin digər vacib məqamı da İrandakı mövcud rejimin iç üzünün açılması ilə bağlı oldu: “Xüsusilə də rejimə daha çox bağlı olan bir bölüm müsəlman kəsimlər belə artıq rejimin mahiyyətini dərk etdilər. Onlara təəccüblü gəlir ki, özünü müsəlman hesab edən rejim ermənilərə necə dəstək verir? Ancaq bu reallıqdır. Əslində Birinci Qarabağ müharibəsində də İran ermənilərin yanında olmuşdu. Lakin 2-ci Qarabağ savaşında İran ermənilərə bu dəstəyini açıq və hərtərəfli şəkildə göstərdi. Bu da Güneydə xalqımızın diqqətindən yayınmadı. Həm etirazlara səbəb oldu, həm də xalqda sual yarandı ki, özünü müsəlman və şiə bilən İran rejimi niyə Azərbaycan dövlətini özünün əsas düşməni hesab edir? Beləliklə də, bu sual təkcə millətçilər içərisində deyil, rejimə bağlı qüvvələr içərisində də yarandı. Onlar da rejimdən uzaqlaşmaq prosesinə başladılar. Bir sözlə, bütün bunlar Güney Azərbaycanda türkçülük, azərbaycançılıq məsələsinin ön sıraya çıxmasına təkan verdi. Türkiyəmizlə Azərbaycanımızın yan-yana duraraq Ermənistan və onun havadarlarının qarşısında bir gücə çevrilməsi Güney Azərbaycanda qürur yaratmaqla yanaşı, bir qığılcım rolunu oynadı, bizim gücümüzə güc qatdı. Beləliklə, Güney Azərbaycan Milli Hərəkatı da daha qəti addımlar atmağa başladı. 44 günlük Vətən savaşı zamanı bizim qəhrəman millətçilərimiz Tehranda, Təbrizdə, Ərdəbildə, Urmiyada ayağa qalxdılar. Milli fəallarımız birbaşa İran rejiminə meydan oxudular, hətta Araz çayı sahilinə toplaşaraq Azərbaycan Respublikasının müzəffər ordusunun hərbi əməliyyatlarına həmrəylik nümayiş etdirdilər. Bununla da onlar İrandakı mövcud rejimi titrətdilər”.

O da vurğulanıb ki, Güney Azərbaycan Milli Hərəkatı hazırda rejimə qarşı mübarizədə İrandakı qeyri-fars xalqlarla da həmrəylik nümayiş etdirir: “Mən buna misal olaraq əl-Əhvazda baş verənlərə, oradakı ərəb milli fəallarına Güney Azərbaycandan verilən dəstəyi göstərə bilərəm. Onda bizim siyasi təşkilatlarımızın çağırışı ilə Təbriz başda olmaqla digər şəhərlərimizdə aksiyalar keçirildi. Həmin vaxt “Azadlıq, ədalət və milli hökumət” şüarı önə çıxdı. Bununla da Milli Hərəkatımız birbaşa rejimə meydan oxuma mərhələsinə çatdı. Bu, çox böyük bir dəyişiklik idi. Çünki bundan əvvəlki aksiyalar bir növ rejim tərəfindən azərbaycanlılara qarşı edilən hücum və təhqirlərə cavab xarakteri daşıyırdı. Bu dəfə isə artıq rejimə meydan oxundu və digər xalqların da azadlıq hərəkatına dəstək verildi. Bunun da kökündə, bir daha deyirəm ki, müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən savaşındakı qəhrəmanlığı dayanırdı”.

Mission News Theme by Compete Themes.