Bayraqdar.info – Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə oktyabrın 13-də Baş Prokurorluqda “Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbir keçirilib.
Xəbər bayraqdar.info-ya Baş Prokurorluqdan daxil olub.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra baş prokurorun müavini Heydər Məmmədov prokurorluq orqanları və media arasında mövcud işgüzar əlaqələrdən bəhs edib. O, prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımlarım atıldığını, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğunu bildirib.
Tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Baş Prokurorluq və Agentliklə mövcud sıx əməkdaşlıqdan məmnunluğunu bildirib. O, prokurorluq əməkdaşlarının iştirakı ilə gələcəkdə də dəyirmi masa və görüşlərin təşkilinin əhəmiyyətli olacağını qeyd edib.
Tədbirdə “Media və Hüquqi Maarifləndirmə” vəsaiti Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov tərəfindən iştirakçılara təqdim edilib.
Sonda xatirə fotoşəkli çəkdirilib.