Bayraqdar.info – İlin sonuna doğru Azərbaycan Gimnastika Federasiyası daha bir irimiqyaslı beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşır. Ölkədə ilk dəfə – noyabrın 18-21-də batut gimnastikası üzrə dünya çempionatı təşkil olunacaq.
Bu barədə bayraqdar.info-ya oktyabrın 14-də Azərbaycan Gimnastikasından bildirilib.
“Ölkədə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kubokları keçirilsə də, dünya ulduzları ilk dəfə belə bir irimiqyaslı yarışda Milli Gimnastika Arenasında toplanacaq.
“İlkin qeydiyyat siyahısına əsasən, yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək. Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
“Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
“Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.” Xəbərdə belə deyilir.