Bayraqdar.info – Eskişehirdə Azərbaycanı sevən, ölkəmiz haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılmasında durmadan çalışan ziyalılar arasında öndə gedənlərdən biri də Ömər Koşardır. 1976-cı ildə Afyonkarahisar şəhəri, Emirdağ ilçəsində anadan olan Ömər bəy hazırda Eskişehirdə orta məktəbdə tarix müəllimidir. Amma dediyimiz kimi, onu Eskişehirdə daha çox Azərbaycan sevdalısı kimi tanıyırlar. Onu da qeyd edək ki, Ö.Koşar ölkəmizlə bağlı bir sıra layihələrin, təşəbbüslərin də müəllifidir. Bayraqdar.info-ya özəl müsahibəsində ondan həm bu fəaliyyətlər, həm də digər məqamlarla bağlı suallara cavab almağa çalışdıq.
Azərbaycan həm də mənim Vətənimdir
Beləliklə, öncə “Azərbaycana bu qədər sevgi ilə yanaşırsınız, bəs, bizim ölkəmizdə oldunuzmu” sualını cavablandıran Ö.Koşar “Azərbaycan həm də mənim Vətənimdir” dedi: “Bizim ilçədə müxtəlif vaxtlarda (xanlıqlar dövründə) Azərbaycan ərazisindən gəlmiş insanların saldığı 9 kənd və 1 qəsəbə var. Eyni zamanda, Eskişehirdə Azərbaycan əsilli insanlar var və son 30 ildə bura gələn azərbaycanlıları çıxmaq şərti ilə hamısı da xanlıqlar dövründə gələnlərin nəvələri, nəticələridir. Onların çoxu da Azərbaycan əsilli olduğunu bilir, ancaq Azərbaycan mədəniyyəti, tarixi ilə bağlı məlumatları azdır. Mənim də ata tərəfim Gəncə xanlığı, ana tərəfim isə İrəvan xanlığından gəlmədir. Orta məktəbi Afyonkarahisar şəhər mərkəzində oxumuşam. Ali təhsilimi isə Denizli şəhərində Pamukkale Universitetində almışam. Konkret sualınıza gəlincə, tarix müəllimi olduğum üçün də yaranan bir maraq nəticəsində son 15 il ərzində 3 dəfə Azərbaycanda olmuşam. Bu səfərlər zamanı Gəncə və Bakı şəhərini azərbaycanlı dostların köməyi ilə kifayət qədər gəzmək imkanım oldu. Onu da deyim ki, ilk gündən Azərbaycanda özümü heç yad adam kimi hiss etmədim”.
Bir küçəyə Gəncə, digərinə isə Qarabağ adının verilməsini təklif etdim
Vurğuladığımız kimi Ö.Koşar Azərbaycanla bağlı bir sıra layihə və təşəbbüslərin də müəllifidir. Belə təşəbbüslərdən biri Emirdağ ilçəsində küçələrə Azərbaycanla bağlı adların verilməsi ilə əlaqədar olub. Lakin təəssüfləndirici haldır ki, onun təşəbbüsü dəstəklənsə də yekunda özünü dəvət etməyiblər. Bununla bağlı sualımıza aydınlıq gətirən Ö.Koşar deyib: “2016-cı ildə anadan olduğum Emirdağ ilçəsinin Davulga qəsəbəsi bələdiyyə başqanına Azərbaycanla tarixi bağımız olması səbəbi ilə bir küçəyə Gəncə, digərinə isə Qarabağ adının verilməsini təklif etdim. Qeyd edim ki, təklifim qəbul olundu. Mən də bunu Facebookda paylaşım edərək dostlarıma çatdırdım. Lakin təəssüf ki, bu küçə adlarının verilməsi ilə bağlı rəsmi mərasimə dəvət olunmadım. Təsəvvür edirsinizmi, Azərbaycanla heç bir tarixi bağlılığı olmayan insanlar belə orada olsa da mən orada olmadım. Açığı bu, mənə çox ağır gəldi”.
Yeri gəlmişkən, Ömər bəy Xocalı faciəsi haqqında həqiqətlərin təbliği ilə bağlı da davamlı işlər görür: “Yaşadığım şəhərdə 23 ildir tarix müəllimi işləyirəm. İşlədiyim məktəbdə fərqli illərdə, öz imkanlarımla Xocalı soyqırımı ilə bağlı fotosərgi təşkil etmişəm. Mən bu müsahibə zamanı yaranan fürsətdən istifadə edərək bu fotoların orijinal olması ilə bağlı o vaxtlar mənə dəqiq mənbələri internetdə tapmaq məsələsində kömək edən Azər Həsrət və Ruslan Bəşirli bəylərə minnətdarlığımı bildirmək istəyirəm”.
Eskişehirdəki azərbaycanlı tələbələrin fəallığı ilə bağlı suala gəlincə Ö.Koşar həmin tələbələrin biliyi, bacarığı ilə fərqləndiyini dedi: “Eskişehirdə çoxlu sayda azərbaycanlı tələbə var. 3 böyük universiteti olan bir şəhər olduğumuz üçün də hər il Azərbaycandan gələn tələbələrin sayı artır. Onların böyük qismi bilik və bacarığı ilə fərqlənir. Amma mən tələbələrlə bağlı bir məsələ barədə təklif vermək istəyirəm. Eskişehirdə tələbələr çox olduğu üçün Azərbaycandan gələn tələbələrin qalmaq üçün yer problemi olur. Təəssüf ki bu problemlə üzləşən çoxlu sayda tələbə, vaxtından əvvəl və lazım olandan çox pul verərək ailələri və özləri maddi cəhətdən problemlə üzləşməli olurlar. Təklif edirəm ki, Azərbaycanda hansısa iş adamaları, yaxud da müvafiq qurumlar Eskişehirdəki xüsusi yataqxanalarla müqavilələr bağlasınlar. Maddi cəhətdən ehtiyacı olan azərbaycanlı tələbələr ucuz qiymətlər ödəməklə həmin yataqxanalarda yerləşdirilə bilər. Yəqin ki, heç olmasa gələn ildən mənim bu təklifimlə bağlı hansısa reaksiya olacaq”.
Vətən müharibəsi, deyə bilərəm ki, həyatımın ən xoşbəxt günləri idi
Azərbaycanın 44 günlük Vətən müharibəsinin Eskişehirdə hansı təəssüratlar yaratmasına gəlincə, müsahibimiz aşağıdakıları bildirib: “Vətən müharibəsi, deyə bilərəm ki, həyatımın ən xoşbəxt günləri idi. Əvvəla onu qeyd edim ki, Birinci Qarabağ müharibəsi ilə bağlı Youtube-da nə qədər video varsa hamısına baxmış bir şəxsəm. Hətta Birinci Qarabağ müharibəsində iştirak etmiş onlarla insanla saatlarla bu məsələ ilə bağlı danışmışam. Vətən müharibəsinin ilk günündən axırıncı gününə qədər isə demək olar ki, gün ərzində cəmi 3-4 saat yatmışam. 30 ildi yaşanan işğal, haqsızlıq, milyondan çox insanın yaşadığı əziyyət bu 44 gün ərzində kino kimi yaddaşımda döndü durdu. Şükür Allaha ki, düşməndən qisasımız alındı. Anadoluda ürəyi soyumaq sözü var, Vətən müharibəsində demək olar ki, ürəyimiz soyudu”.
“Gündəmdə Azərbaycanla bağlı yeni layihələr varmı” sualını isə Ö.Koşar aşağıdakı şəkildə cavablandırdı: “Yaxın günlərdə Azərbaycan-Türkiyə əlaqələrinin daha da güclənməsinə xidmət edəcək, insanlarda maraq doğuracaq bəzi layihələr üzərində işləyirik. Ancaq bu barədə ayrıntılı məlumat vermək istəməzdim. Qoy bu, sürpriz olaraq qalsın. Vaxtı gələndə hər kəs biləcək. Eyni zamanda, hesab edirəm ki, həm bizim şəhərdə, həm başqa şəhərlərdə universitetlərlə əməkdaşlıq edərək Azərbaycan günləri təşkil edilsə, Türkiyə gəncliyini Azərbaycan haqqında kifayət qədər məlumatlandırmaq və tanıtmaq imkanı yaranar. Çünki Türkiyə ictimaiyyətinə Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı daha çox məlumatların verilməsi zəruridir. Bu, qardaşlıq bağlarımızı daha da gücləndirmiş olar”.