Bayraqdar.info – “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin və “Diplomatiya Könüllüləri”nin tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsi çərçivəsində rəsmilərlə görüşlər davam edir.
Növbəti görüş Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə baş tutub.
Bu barədə bayraqdar.info-ya oktyabrın 13-də “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, “Azərbaycan – Pakistan münasibətləri” mövzusunda baş tutan görüşdə səfir 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyinə dəstək olan ölkələr arasında Pakistanın olmasının heç də təsadüfi olmadığını vurğulayıb. Diplomat ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi haqqında layihə iştirakçılarına geniş məlumat verib.
Bundan əlavə səfir 2021-ci ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri tərəfindən imzalanmış “Bakı Bəyannaməsi”nin əhəmiyyətindən bəhs edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.