Press "Enter" to skip to content

“Nəşrlərin satın alınması” müsabiqəsinin nəticələri

Bayraqdar.info – Mədəniyyət Nazirliyi tərəfindən tabeliyindəki kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə elan olunmuş “Nəşrlərin satın alınması müsabiqəsi”nin nəticələri müəyyənləşib.

Bu barədə oktyabrın 13-də bayraqdar.info-ya Nazirlikdən xəbər verilib.

“Nəşrlərin satın alınması müsabiqəsi”nin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın Alınması üzrə Komissiya” həyata keçirib. Müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar Komissiya tərəfindən bir ay müddətində qiymətləndirilib. Eyni zamanda, nəşrlərin dəyərləndirilməsi zamanı kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən hazırlanmış statistik məlumatlar da nəzərə alınıb.

Komissiya tərəfindən müsabiqəyə təqdim olunan nəşrlər arasından 235 adda kitabdan 14 min 679 nüsxəsinin satınalınması qərara alınıb, seçilən nəşrlər kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilib.

“Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən “Altun kitab” nəşrlər evindən dəyəri 7 min 38 manat 50 qəpik olan 44 adda 2 min 855 nüsxə kitabın alınması nəzərdə tutulub. “Parlaq İmzalar” nəşriyyatından dəyəri 11 min 360 manat olan 29 adda 1495 nüsxə kitab, “Qanun” nəşriyyatından isə dəyəri 10 min 335 manat 70 qəpik olan 19 adda 1345 nüsxə kitab alınacaq. “TEAS Press” nəşriyyat evindən dəyəri 13 min 815 manat 35 qəpiyə 35 adda 2 min 125 nüsxə kitabın, “Xan” nəşriyyatından da dəyəri 6 min 745 manat olan 22 adda 1 min nüsxə kitabın alınması həyata keçiriləcək.

“Siyahıda qeyd edilən hüquqi və fiziki şəxslərdən kitabların alışını təmin etmək üçün müvafiq sənədləri Mədəniyyət Nazirliyinə təqdim etmələri xahiş olunur”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.