Press "Enter" to skip to content

Mərkəzi Elmi Kitabxana əyani xidməti bərpa edir – YENİLƏNDİ

Son yeniləmə: 13 Oktyabr 2021 18:37

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası oktyabrın 15-dən oxucularına əyani xidməti yenidən bərpa edir.

Bu barədə bayraqdar.info-ya oktyabrın 13-də Kitabxanadan məlumat verilib.

Məlumatda bildirilir ki, oxucuların kitabxana daxilində rahatlığı üçün bütün şərait yaradılıb, hər mərtəbədə karantin qaydalarına uyğun xüsusi oxu zalları təşkil olunub.

“Kitabxanada lazımi qabaqlayıcı tədbirlər də həyata keçirilib. Ümumilikdə MEK əməkdaşlarının 98 faizi, xüsusilə MEK-in Xidmət şöbəsində çalışan bütün işçilər özlərinin və oxucuların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak ediblər. MEK tam heyəti ilə oxuculara xidmət etməyə hazırdır.

“Kitabxanaya giriş COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı ilə mümkün olacaq.

“Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, MEK-də oxucular üçün kitabxana fəaliyyəti pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin mart ayında dayandırılmış və fəaliyyətini onlayn şəkildə həyata keçirirdi”, – deyə məlumatda bildirilir.

Yeri gəlmişkən, MEK-in baş direktoru, professor Məmməd Əliyev yeniliklərlə bağlı media üçün açıqlama da verib.

Baş direktor bildirib ki, MEK-də ilk dəfə olaraq AMEA-nın əməkdaşları, magistrantları, dissertantları və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçiriləcək. Professorun sözlərinə görə, oxucuların kitabxanadan istifadəsini asanlaşdırmaq üçün xüsusi təlimat kitabçası da hazırlanıb.

M.Əliyev qeyd edib ki, oktyabrın 15-i kitabxananın açılışına ilk gələn oxucuya 1 illik oxucu kartı MEK rəhbərliyi tərəfindən hədiyyə olunacaq.

“Oxucu kartının hədiyyə olunması ilə bağlı təşəbbüsün həyata keçirilməsində əsas məqsəd oxucuların kitaba olan həvəsini artırmaqdır”, – deyə MEK-in baş direktoru qeyd edib.

Əlavə və redaktə: Azər Həsrət

Mission News Theme by Compete Themes.