Bayraqdar.info – “Qoşulmama Hərəkatının bütün iclasları kimi, Belqradda keçirilən toplantısı da Azərbaycan üçün yaddaqalan oldu.”
Bunu bayraqdar.info-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin toplantıdakı çıxışı beynəlxalq birlik tərəfindən diqqətlə izləndi ki, bu da səbəbsiz deyil: “Məlum olduğu kimi, Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçirilib. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib. Dövlət başçısı toplantıdakı çıxışı beynəlxalq birlik tərəfindən diqqətlə izləndi. Bu da səbəbsiz deyil. Çünki cənab Prezident həmin çıxışında bır çox vacib məqamlara, o cümlədən keçmiş “Dağlıq Qarabağ” münaqişəsi məsələsinə toxundu. Daha doğrusu, cənab Prezident daha bir mötəbər beynəlxalq tribunadan “Dağlıq Qarabağ” münaqişəsinin keçmişdə qaldığını elan etdi. Hesab edirəm ki, bu çıxışdan hər kəs, o cümlədən Ermənistan və bu dövlətin xarici havadarları ciddi nəticə çıxarmalıdır”.
V.İskəndərov deyib ki, dövlət başçısı həmin çıxışında Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdi: “Bəli, bu olduqca önəmli idi. Cənab Prezidentin də bəyan etdiyi kimi, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının 7 ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”.
“Bir məqamı da qeyd etməyi vacib sayıram. Belə ki, Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Əksər ekspertlrəin də bəyan etdiyi kimi Azərbaycanın sədrliyi dövründə bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Bu isə olduqca mühüm əhəmiyyət kəsb edən məsələdir” deyə, deputat sonda əlavə edib.