Press "Enter" to skip to content

Cavid Aydın: Eskişehirdə də “Zəfərə doğru addımla”ya dəstək var

Bayraqdar.info – “Türkiyənin müxtəlif şəhərlərində olduğu kimi Eskişehirdə də gənclərin “Zəfərə doğru addımla” layihəsi əsasında müsabiqələrdə iştirak üçün müvafiq məlumatlandırıcı işlər görülür. Dərnəyimiz tərəfindən müsabiqələrin keçirilməsi qaydası və şərtləri barədə gənclərə ətraflı bilgilər verilir”.

Bunu bayraqdar.info-ya açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib. Dərnək sədri qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən “Gənclərin Töhfəsi” İctimai Birliyi Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunmuş “Zəfərə doğru addımla” layihəsinin icrasına başlayıb.

Vurğulanıb ki, oktyabrın 1-dən etibarən başlayan layihənin məqsədi 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun hərb meydanında yazdığı qəhrəmanlıq dastanının yeniyetmə və gənc nəsil arasında təbliğ etməkdir: “Layihə çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanda 16-25 yaşlı gənclər arasında rəsm və ya karikatura, videoçarx, fləşmob ssenariləri, esse və gənc jurnalistlər arasında yazı müsabiqələri keçiriləcək. Bu müsabiqələrin Azərbaycanla yanaşı Gürcüstan üzrə Tbilisidə, Türkiyə üzrə isə altı bölgədə, o cümlədən Eskişehirdə təşkil olunması qərarlaşdırılıb”.

Məlumat üçün bildirək ki, müsabiqədə gənclər rəsim-karikatura, qısa videoçarx, fləşmob, esse və gənc jurnalistlər arasında məqalə nominasiyalarındən biri üzrə mübarizə apara bilərlər. Münsiflər heyəti tərəfindən seçilmiş müsabiqə qalibləri diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqədə iştirak etmək istəyən üç ölkənin gəncləri müsabiqə üzrə əl işlərini şəxsiyyətini təsdiq edən sənədin surətini və əlaqə vasitələrini ölkələr üzrə müvafiq email ünvanlardan (Azərbaycan üzrə musabiqeazerbaycan2021@gmail.com, Gürcüstan üzrə musabiqegurcustan2021@gmail.com və Türkiyə üzrə musabaka_turkiye2021@hotmail.com) birinə göndərə bilərlər.

Müsabiqə qaliblərinin mükafatlandırılması və təqdimatı noyabrın 1-dən 10-dək mərhələli şəkildə Bakı və Naxçıvanda, Tbilisidə və Türkiyənin altı bölgəsində keçiriləcək.

Onu da bildirək ki, layihənin donoru Azərbaycan Respublikasının Gənclər Fondu, tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Qardabani Gənclər Mərkəzidir.

Mission News Theme by Compete Themes.