Bayraqdar.info – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində Türkiyədə keçirilən 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edib.
Bu haqda bayraqdar.info-ya oktyabrın 13-də AAYDA-dan bildirilib.
Xəbərdə bildirilir ki, tədbirin əsas müzakirə mövzusu COVID-19 pandemiyasından sonrakı qolabal inkişafı dəstəkləmək üçün nəqliyyat və rabitə üzrə sərmayələrin qoyulması olub. Həmçinin, rəqəmsallaşdırma yolu ilə nəqliyyat və logistika sistemlərindən səmərəli istifadə, dayanıqlı nəqliyyat sisteminin qurulması, müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi mövzuları da müzakirə edilib. Qeyd edilib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar bütün çətinliklərə baxmayaraq, Şərq-Qərb dəhlizi ilə 8,4 milyon ton yük daşınıb.
“Tədbir çərçivəsində AAYDA-nın İdarə Heyətinin sədri S.Məmmədov Türkiyə Cumhuriyyəti Ulaştırma və Altyapı Bakanlığı Karayolları Genel Müdürü Abdulkadir Uraloğlu ilə görüşüb. Görüşdə Türkiyə şirkətlərinin Azərbaycanın yol infrastrukturunun yenidən qurulmasında, xüsusən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən yol infratsrukturu layihələrində yaxından iştirak etdikləri vurğulanıb. Söhbət zamanı Türkiyə şirkətləri ilə bu sahədə uğurlu əlaqələrə diqqət çəkilib və qardaş ölkə ilə Azərbaycan arasında bu əməkdaşlığın davam etməsinin əhəmiyyəti qeyd olunub”, – deyə xəbərdə bildirilir.
AAYDA-dan qeyd edilib ki, 12-ci Nəqliyyat və Rabitə Şurasında 55 fərqli ölkədən nümayəndə heyəti iştirak edib.