Bayraqdar.info – Məlum olduğu kimi son vaxtlar Suriyada Türkiyəyə qarşı terror hücumlarının sayı artıb. Bir neçə gün öncə Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatı bölgəsində zirehli maşına PKK/PYD terrorçularının raket hücumu nəticəsində Türkiyə xüsusi təyinatlı polis bölməsinin iki zabiti şəhid olub, daha üç xüsusi təyinatlı yaralanıb. Bu isə rəsmi Ankaranın səbrini daşırıb.
Belə ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bu hücumları sərt şəkildə qınayıb və xəbərdarlıq edib. Cümhurbaşqanı deyib ki, polis əməkdaşlarına edilən son hücum və Türkiyə torpaqlarına hədəflənən basqınlar artıq ölkəsinin səbrini daşırıb: “Bu problemləri ən qısa zamanda həll etmək üçün lazımi addımları atacağıq”.
Qeyd edilib ki, Türkiyə Suriyanın şimalından gələn təhdidləri ya orada fəaliyyət göstərən yerli qüvvələrlə birlikdə, ya da öz vasitələri ilə ortadan qaldırmaqda qətiyyətlidir.
Baş verənləri bayraqdar.info-ya dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz öncə Suriyanın mövcud durumu barədə danışıb: “Suriyada 10 ildir ki, müharibə gedir. Bu 10 il ərzində Suriya dövləti hardasa yox olmaq dərəcəsinə çatıb. Əslində, hazırda ortada bir dövlət yoxdur deyə bilərik. Suriyada hazırda ABŞ, Rusiya, İran, həmçinin, Türkiyə sərhədlərinə yaxın yerlərdə və İdlibdə Türkiyə əsgərləri var”.
Türkiyəli general bildirib ki, Suriya ərazisində eyni zamanda İŞİD, həmçinin əsasən Türkiyəni hədəfə alan PKK və PYD kimi terror təşkilatları fəaliyyətlərini davam etdirir: “Bu terror təşkilatlarının mövcudluğu və fəaliyyəti Türkiyənin ərazi bütövlüyünə təhlükə törədir. Bu terror təşkilatları bir terror koridoru, terror dövləti yaratmağa çalışırlar. Təbii ki, bu terror dövlətinin yaranmasına da Türkiyə imkan verməyəcək. Türkiyə öz ərazi bütövlüyünü qorumaq, istənilən təhlükənin qarşısını almaq üçün fəaliyyətini davam etdirməkdədir”.
Y.Karauzun sözlərinə görə, zaman-zaman bu bölgədə Türkiyə silahlı qüvvələrinə qarşı edilən hücumların önlənməsi üçün addımlar atılıb və bu gün də gərəkli addımlar atılmaqdadır: “Artıq bu cür xain addımlarla bağlı Türkiyənin səbri daşıb. Türkiyəyə qarşı terror törədən qruplaşmalar olduqları yerdəcə məhv ediləcək. Türkiyə bəzi dövlətlərdən fərqli olaraq ikiüzlü siyasət həyata keçirmir. Yəni, Türkiyə bütün terror təşkilatlarına qarşı eyni mövqedən yanaşıb, həmişə olduğu kimi bu gün də eyni siyasət həyata keçirir”.