Bayraqdar.info – 2021-ci ilin 9 ayı ərzində məişət texnikası, mobil telefonlar və elektrik avadanlıqların qüsurlu olması, dəyişdirilməsi və geri qaytarılma qaydalarının pozulması halları çoxalıb.
Bu barədə bayraqdar.info-ya oktyabrın 12-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən məsələ ilə əlaqədar bəhs edilən dövrdə istehlakçılar tərəfindən Dövlət Xidmətinə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb. Bu məsələlərin müzakirəsi məqsədilə Dövlət Xidmətində elektrik məişət avadanlıqlarının satışı ilə məşğul olan iri bazar iştirakçıları ilə görüş keçirilib.
Tədbirdə Dövlət Xidmətinə daxil olan müraciətlərin böyük hissəsinin mağazalar şəbəkələri tərəfindən məhsulların zəmanət şərtləri, istismar qaydaları, istehlak xüsusiyyətləri barədə istehlakçılara ətraflı və düzgün məlumatların verilməməsi, qüsurlu məhsulun texniki müayinəsi prosesi zamanı baş verən pozuntular,adekvat əvəzedici məhsulun təqdim edilməməsivə s. ilə bağlı olduğu bildirilib. Eyni zamanda, onların aradan qaldırılması, müştəri məmnunluğunun təmin edilməsi tədbirləri müzakirə edilib.