Bayraqdar.info – Oktyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib. Qəbul Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində baş tutub.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Serbiya arasında yüksək xətlə inkişaf edən əməkdaşlıq məmnunluqla vurğulanıb və stateji münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə iki ölkə arasında imzalanmış sənədlərin əhəmiyyətinə toxunulub və bu sazişlərin ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyi qeyd olunub.
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya rəsmi səfər etməklə bağlı dəvətini çatdırmağı xahiş edib.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.