Press "Enter" to skip to content

Ölkəmiz Oslodakı dostluq festivalında təmsil olunub

Bayraqdar.info – Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi Oslo şəhərində keçirilən “Beynəlxalq Dostluq Günü” festivalında ölkəmizi təmsil edib. Festival Osloda yaşayan müxtəlif milli icmalar arasında dostluq münasibətləri yaratmaq, onların öz tarixlərini, mədəniyyətlərini və milli mətbəxlərini təbliğ və təmsil etmək, mənəvi dəyərlərini norveçlilərlə paylaşmaq məqsədilə təşkil olunub.

Bu barədə bayraqdar.info-ya oktyabrın 12-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan guşəsinin ziyarətçilərini Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin milli geyimli şagirdləri və NAYO-nun fəalları qarşılayıblar. Onlara ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və milli mətbəxi barədə ətraflı məlumat verilib.

Guşədə milli geyimlərimiz nümayiş etdirilib, müxtəlif dillərə tərcümə olunmuş kitablar, broşürlər, açıqcalar, DVD-lərvə Azərbaycan mətbəxinin nümunələri təqdim edilib.

Festivalın səhnəsində çıxış edən həftəsonu məktəbin şagirdləri Aida Ramberq, Ənvər Ramberg və Artan Amini Azərbaycan bəstəkarı Oqtay Zülfüqarovun “Gözəl Vətən” mahnısını (sözləri Teymur Elçinindir) ifa ediblər. Şagirdlərin çıxışı böyük maraqla qarşılanıb və onlar tamaşaçıların xahişi ilə ikinci dəfə səhnəyə çıxıblar. Festival təşkilatçıları məktəbliləri xüsusi hədiyyələrlə mükafatlandırıblar.

Mission News Theme by Compete Themes.