Bayraqdar.info – Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Sahil Mühafizəsi bölmələrinin əməkdaşlarının sayıqlığı nəticəsində İrandan Azərbaycana 102 kiloqram 424 qram narkotik keçirilməsinin qarşısı alınıb.
Bu xəbər oktyabrın 12-də bayraqdar.info-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən daxil olub.
DSX-nın məlumatında bildirilir ki, həmçinin oktyarın 11-də Biləsuvar rayonunun Biləsuvar kəndi istiqamətində dövlət sərhədinin yaxınlığında 4 ədəd bağlamadan təxmini çəkisi 19 kiloqram 600 qram narkotik maddələr aşkarlanaraq götürülüb.
“Oktyabrın 11-də saat 20:40 radələrində eyni ərazidəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazilər qapadılıb, sərhəd naryadları tərəfindən sərhəd pozucularının təqibi başlanılıb. Hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.
“Sərhəd pozucularından biri ərazidən uzaqlaşmağa çalışarkən üzərində idman çantası ilə saxlanılıb, digər iki nəfər isə sərhəd naryadlarının “Dayan” əmrinə tabe olmayaraq əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar.
“Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı 1988-ci il təvəllüdlü Şahmüqəddəm Cəfər Həsən olması müəyyənləşdirilib. Onun əlindəki çantaya və ərazidən götürülmüş bağlamalara baxış zamanı təxmini çəkisi 35 kiloqram 590 qram narkotik vasitə olduğu məlumm olub.
“Oktyabr ayının 12-də saat 07:45 radələrində DSX-nin Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən su səthində bir ədəd şübhəli bağlama aşkarlanıb. Bağlamaya baxış zamanı ümumi çəkisi 47 kiloqam 234 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
“Qeyd edilən faktlar üzrə hazırda əməliyyat-istintaq tədbirləri həyata keçirilir”, – deyə xəbərdə bildirilir.