Bayraqdar.info – Əslində belə xəbərləri oxumaq və yazmaq bizə rahatlıq deyil, çox narahatlıq gətirir. Xəbərə şərh yazmağı da münasib bilmirəm. Qeyd edim ki, bu tip xəbərlər bizim saytın mövzusu deyil. “Bəs niyə bu xəbəri verirsiniz?” deyə soruşula bilər. Başqa bu kimi hallara yol verənlərə görk olsun deyə veririk.
Məni bir qadın olaraq narahat edən məsələlərdən biri də son zamanlarda COVID-19 pandemiyası müddətində tibb müəssisələrində qadın tibb işçilərinin saxta COVID-19 pasportu satmaları ucbatından cinayət etmələridir. Pul marağı nə qədər üstün gəlməlidir ki, evində uşaq böyüdən analar cinayət törədib rüşvət alsın, saxta sənəd satıb pul qazansınlar?
Son aylarda Baş Prokurorluğun yaydığı açıqlamalar ürəkağrıdıcıdır. Sosial şəbəkələrdən birində hətta belə bir statusla da rastlaşdım ki, “deyəsən biz, iynə vurdurmağa tibb bacısı tapa bilməyəcəyik, çünki, hamısı “içəridə”dir”.
Bəs, ayıb deyilmi? 200-300 manata görə həbsə girməyi belə gözə alan tibb işçiləri, bağça müdirləri, ayıb deyilmi? Bu ayıbla övladınızın qarşısında necə şux dayanacaqsınız? Qohum-əqrəbanın xeyir-şər işində necə ürəklə iştirak edəcəksiniz? Qadın həm də anadır axı, bəs rüşvət almaq, saxta sənəd satmaqla pul qazanmaq ona yaraşarmı?
İndi isə oktyabrın 12-də Baş Prokurorluqdan bayraqdar.info-ya daxil olan xəbərə diqqət edək:
Şirvan şəhərindəki 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində adıçəkilən körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərovanın həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Tamah evlər yıxır. Bahalı geyinmə, rahat həyat tərzi sürmə, bahalı avtomobil sürüb özünü başqasına göstərmə, olana qane olub rahat yaşa da. Mütləqdirmi ki, tamahkarlıq edib həbsə düşəsən? 16 min manatdan ötrü həbsə düşməyə dəyərmi? Vallah, dəyməz. Etməyin belə, əziz qadınlar. Özünüzü, ailənizi, evinizdə böyüyən övladlarınızı düşünün. Rüşvət almayın, saxta sənəd satmayın, adınıza rüşvətxor, cinayətkar damğası vurdurmayın. Nəfsinizə sahib çıxın…