Press "Enter" to skip to content

“Eskişehir həm də Bakının bir qardaşıdır”

Dünyada ilk Çingiz Aytmatov kafe-muzeyinin yaradıcısı: Türk dünyasına xidmət etmək hər birimizin mənəvi borcudur

Bayraqdar.info – “Bu gün türk dünyasına xidmət etmək, türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək vermək hər birimizin mənəvi borcudur. Damarında türk qanı axan hər bir kəs bu müqəddəs işdə fəal olmalıdır. Mən də bir fərd olaraq bu istiqamətdə üzərimə düşən mənəvi vəzifənin öhdəsindən layiqincə gəlmək üçün fəaliyyət göstərirəm.”

Bunu bayraqdar.info-ya özəl müsahibəsində Eskişehirin tanınmış ziyalılarından biri, dünyada ilk Çingiz Aytmatov muzeyinin yaradıcı Oral Büyüksarı deyib.

Müsahibəsinə öncə özü haqqında məlumatla başlayan O.Büyüksarı deyib: “Mən öncə bayraqdar.info-nun oxucularına buradan, Türkiyədən – Eskişehirdən çox-çox salam deyirəm. İxtisasca kapitan-pilotam. Türk Hava Yollarında, sonra isə Onur Air-də çalışmışam. Eyni zamanda helikopter pilotu da olmuşam. Amma ixtisasım öz yerində, həyatımı türk dünyasının təbliğinə həsr etmişəm. Hesab edirəm ki, türk dünyasının daha da birləşməsi, daha da güclənməsi üçün bir fərd olaraq hər birimiz fəallıq göstərməliyik. Məhz bundan yola çıxaraq uzun illərdir ki, türk dünyasının təbliği istiqamətində addımlar atıram. Bu günə kimi istər Eskişehirdə, istərsə də başqa yerlərdə türk dünyasının birlik və bərabərliyinə xidmət edən müxtəlif layihələrin reallaşmasında təşəbbüskar kimi ön sırada getmişəm. Bundan sonra da bu müqəddəs amal uğrunda çalışmaqda davam edəcəm”.

Eskişehirin türk tarixindəki yerinə gəlincə, müsahibimiz, “Eskişehir Osmanlının qurulduğu bir şəhər, 1297-ci ildə Osman bəyin adına xütbənin oxunduğu yerdir. Hər il bu tarixi hadisənin növbəti ildönümünü qeyd edirik. Mən bu tarixlə bağlı olan bir QHT-nin də rəhbərliyini etdim.
Eyni zamanda “Türk dünyası – 2013” layihəsinin müəllifiyəm. Mənim müəllifi olduğum layihə Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndi və 2013-cü ildə Eskişehir türk dünyasının mədəniyyət paytaxtı oldu” deyə, bildirib.

O.Büyüksarı onu da qeyd edib ki, Eskişehirin xüsusi bir özəlliyi də var: “Müxtəlif əsrlərdə və illərdə dünyanın müxtəlif yerlərindən gələn türklər, müsəlmanlar bu şəhərdə yaşayırlar. Krımdan, Qafqazdan, Balkanlardan, Əfqanıstandan və digər yerlərdən vaxtı ilə köcüb gələrək burada məskən salan insanlar var. Yəni, dünya coğrafiyasında türklərin olduğu hər yerdən bura insanlar gəlib və məskunlaşıblar. Min ilə yaxındır ki, Eskişehirdə bu insanlar qardaşlaşmış şəkildə yaşayırlar. Eskişehir qədim anadolululara məskən olub, ondan sonra səlcuqlular, osmanlılar və Türkiyə Cümhuriyyətinin qurulmasında öz sözünü deyib. Türkiyə Cümhuriyyətinin ilk şəhərlərindəndir. İnkişaf etmiş bir şəhərdir. Buna görə də Eskişehirin adı “Eski” olsa da, özü yeni bir şəhərdir. Burada üç universitet fəaliyyət göstərir. Xüsusilə Osmanqazi Universitetində bizim qardaş ölkələrdən, qardaş şəhərlərdən tələbələr var. Bu səbəblə də Osmanqazi Universitetində bir çadır qurmuşuq. Orta Asiya türklərinə xas həmin çadırda türk dünyasından olan tələbələr toplaşır”.

Yuxarıda qeyd etdiyimiz kimi O.Büyüksarı həm də dünyada ilk Çingiz Aytmatov muzeyinin yaradıcısıdır. Bu muzeyin nə zaman yaranması ilə bağlı sualı cavablandıran müsahibimiz deyib: “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir. Mənim fəaliyyətimin də böyük bir qismi məhz Çingiz Aytmatovu təbliğ etmək olub. Bu məqsədlə dünyada ilk Çingiz Aytmatov muzeyini 2013-cü ildə Eskişehirdə məhz mən yaratmışam. Bu muzey əvvəl başqa ünvanda idi. Amma sonradan bu ünvanda muzey-kafe kimi geniş şəkildə fəaliyyət göstəririk. Bu muzeydə Çingiz Aytmatova aid şəxsi əşyalar, onun vaxtı ilə kiril əlifbası ilə dərc edilmiş kitabları (bu kitablar Qırğızıstan parlamenti tərəfindən bizə hədiyyə edilib), həyatından bəhs edən çoxlu fotolar və türkcə, ingiliscə cap olunmuş əsərləri var. Bundan başqa muzeydə Qırğızıstandan gətirdiyimiz qırğızlara aid xalılar, kilimlər, müxtəlif qədim məişət əşyaları, qırğız mədəniyətinə aid geyimlər, cehiz sandığı, mətbəx əşyaları, uşaq beşiyi və s. var. Həmçinin burada türk dünyasından, o cümlədən Azərbaycandan gətirdiyimiz, yaxud bizə hədiyyə edilmiş geyim, musiqi aləti və s. də sərgilənir. Bir sözlə, bura bir türk evidir. Bu muzeyi yaratmağımızda məqsəd insanlara türk dünyasının qüdrəti və mədəniyyəti barədə, o cümlədən Çıngiz Aytmatovla bağlı bilgilər verməkdir. Xüsusilə gənclərə bu məlumatları çatdırmağa çalışırıq. Biz bunu həm də ona görə edirik ki, tariximizi, özümüzü yaxşı tanıyaq və tanıdaq. Yəni Çingiz Aytmatovun əsərində bəhs edilən manqurtlara cevrilməyək”.

Sonda “Eskişehir həm də Bakının bir qardaşıdır” deyən O.Büyüksarı Azərbaycanla bağlı planlardan da bəhs edib: “Azərbaycandakı qardaşlarımızla daha sıx əlaqələr qurmaq üçün bir layihəmiz var. Belə ki, buradan Bakıya, Bakıdan da Eskişehirə tərkibində müəllim, tələbə, həmçinin müxtəlif təbəqələrdən olan insanların olduğu heyət göndərmək istəyirik. Pandemiya səbəbindən keçən il bunu edə bilmədik. İnşallah, gələn il 2 iyunda bu səfəri gerçəkləşdirmək niyyətindəyik. Həmin vaxt Bakıda Eskişehirlilər gününü qeyd edəcəyik. Dediyim kimi, səfər qarşılıqlı olacaq və biz də azərbaycanlı qardaşlarımızı Eskişehirdə qarşılamaqdan məmnun olacağıq”.

Mission News Theme by Compete Themes.