Bayraqdar.info – Ermənistan Qarabağdakı “mirasını” qorumaq məqsədilə yeni onlayn platforma təqdim edib.
Xəbəri oktyabrın 11-də Sputnik Armenia yayıb.
Xəbərdə deyilir ki, monumentwatch.org ünvanında yerləşən sayt Ermənistan və Fransa mütəxəssislərinin ortaq məhsuludur. Bu məhsulun əsas məqsədi “44 günlük savaş sonucu Azərbaycanın nəzarətinə keçmiş ərazilərdəki erməni mirasını qorumaq”dır.
Saytda hazırda 60 “abidə” haqqında bilgilər toplanıb.
Sözügedən layihənin qurucularından olan İrəvan Dövlət Universitetinin professoru Hamlet Petrosyan bildirib ki, platforma yarım ildir ki, işə başlayıb və əsas məqsədi “erməni memarlıq abidələrini məhv edən Bakının dövlət siyasətinə cavab verməkdir”.
H.Petrosyan əlavə edib ki, bu platformanı “dünya ilə elm dilində danışmaq üçün” qurublar. Hətta onu da əlavə edib ki, bu, bir erməni, dövlət platforması da deyil. Onun iddiasına görə, bu, bir “akademik platforma”dır və Parisdəki Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutu ilə birlikdə qurulub.
Yəni erməni alim belə deyir.
Bizə gəlincə, dövlətimiz, əlbəttə ki, bu vaxta qədər də işğalçı Ermənistanın Azərbaycan torpaqlarında, eləcə də hazırda Ermənistan Respublikası sayılan ərazidə məhv etdiyi tarixi abidələr haqqında yetərincə məlumat toplayıb, paylaşıb, müxtəlif platformalarda təqdim edib. Lakin belə görünür ki, Ermənistan Azərbaycanın bu təkzibedilməz dəlilləri qarşısında belə yeni iddialarla çıxış etməyə girişib, onda bizim də akademik kəsim öz sözünü yeni şərtlərə uyğun deməlidir. Hər halda bu işi ermənilərdən daha keyfiyyətli görə bilmək üçün Azərbaycanda yetərincə mütəxəssis də var, potensial da. Sadəcə işləmək lazımdır. Yeni şərtlərə uyğun, yeni tələblər çərçivəsində. Ermənilər demir ki, onlar dünya ilə elm dilində danışmağa üstünlük verir, olsun. Biz də onlarla elə o dildə danışaq. Amma gecikmədən…