Press "Enter" to skip to content

Cəlilabadın Xudutəpə abidəsində arxeoloji qazıntılar

Bayraqdar.info – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent arxeoloq Anar Ağalarzadənin rəhbərliyi altında “Cəlilabad arxeoloji ekspedisiyası” arxeoloji qazıntılar aparıb. Qazıntılar Cəlilabad rayonunun Çəmənli kəndi ərazisindəki Xudutəpə çoxtəbəqəli yaşayış məskənində baş tutub.

Xəbər oktyabrın 12-də bayraqdar.info-ya İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.

“Sahəsi 7 hektara yaxın olan abidə Cəlilabad-Yardımlı şose yolunun 22-ci km-də, Çəmənli və Cəlayir kəndləri arasında, hündür təbii təpə üzərində yerləşir. Yerli tarixçi Rza Rzayevin məlumatı əsasında abidəyə ilk dəfə olaraq XX əsrin 90-cı illərində arxeoloq Fərman Mahmudov ilkin baxış keçirib və onu çoxtəbəqəli yaşayış məskəni kimi qeydə alıb. Lakin bu günə qədər Xudutəpədə heç bir arxeoloji qazıntılar aparılmayıb.

“Qazıntılar zamanı 3 qəbir abidəsi aşkar edilib və bu qəbirlərdən maraqlı dəfn avadanlıqları üzə çıxıb. Aşkarlanmış saxsı qablar analoji olaraq “Muğan arxeoloji mədəniyyəti” və Cənubi Azərbaycanın bir sıra abidələrinin materialları ilə səsləşir. Qeyd etmək lazımdır ki, abidənin üzərindəki nekropol əsasən e.ə. VIII-VII əsrlərə aid sallama qəbirlər olub yaşayış yerinin üzərində salınıb. Bunu sübut edən tutarlı faktlar qəbirlərin qazıntısı zamanı alt qatlardan qarışaraq üzə çıxmış Orta əsrlər, Son Tunc-İlk Dəmir və İlk Tunc dövrü “Kür-Araz mədəniyyəti” saxsı qab nümunələridir.

“Qazıntılar nəticəsində Kür-Araz təbəqəsindən çiy kərpicdən dairəvi tikili qalıqları, təsərrüfat quyuları, ocaq yerləri də üzə çıxıb. A.Ağalarzadənin ehtimalına görə, abidənin mərkəzi hissəsində mədəni təbəqənin qalınlığı 4 metrə yaxın ola bilər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.