Press "Enter" to skip to content

“Azərbaycan Odisseyası – Minalar sülhü məhv edir” 

Bayraqdar.info – Kolumbiyanın nüfuzlu televiziya proqramı “Testigo Directo” verilişində ölkəmizdə səfərdə olmuş tanınmış jurnalist Roberto Trobaxonun hazırladığı “Azərbaycan Odisseyası – Minalar sülhü məhv edir” adlı reportaj efirə gedib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 12-də ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, reportajda azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən aparılmış kütləvi minalama və Azərbaycanın həyata keçirdiyi minatəmizləmə işlərindən bəhs edilir. Verilişdə Ermənistanın BMT TŞ-nin qətnamələrinə məhəl qoymayan 30 ilə yaxın qeyri-qanuni işğalda saxladığı Azərbaycan ərazilərində kütləvi minalama apardığı, bu səbəbdən hərbi əməliyyatların bitməsindən keçən 11 ay müddətində 150-ə yaxın hərbi və mülki azərbaycanlının həlak olduğu və yaralandığı bildirilir.

Müəllif  Kolumbiya və Azərbaycanın üzləşdiyi, ərazilərinin kütləvi minalanması problemləri arasında paralellər aparır, bu xüsusda Kolumbiyada gerilla birlikləri tərəfindən ölkə üzrə geniş ərazilərdə eyni qaydada kütləvi minalama aparıldığını qeyd edir. Bununla yanaşı, Kolumbiyada həmin qeyri-qanuni qruplaşmaların minaların yerləşmə xəritəsini hökumətə təqdim etməkdən boyun qaçırdığı kimi, Ermənistan rəhbərliyinin də Azərbaycan ərazisində kütləvi şəkildə minaladığı sahələrin xəritəsini verməkdən imtina etdiyi və bu durumun həm Kolumbiya, həm də Azərbaycanda mülki insanlar arasında çoxsaylı tələfata səbəb olduğu deyilir.

Reportajda xarici işlər nazirinin müavini Elnur Məmmədov, XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovun mövzu ilə bağlı açıqlamaları təqdim olunur.

Adıçəkilən proqram Kolumbiyanın bütün ölkə ərazisində, habelə Latın Amerikasının digər ölkələri və ABŞ-da da yayımlanmaqla yanaşı, “Youtube” və sosial şəbəkə platformalarında milyonlarla izləyiciyə xitab edir.

Mission News Theme by Compete Themes.