Bayraqdar.info – “ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün təşkil olunan xüsusi xidmət davam edir. Belə ki, bu xüsusi xidmət vasitəsi ilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilirlər.
Bu barədə bayraqdar.info-ya oktyabrın 12-də “ASAN xidmət”dən məlumat verilib. Bildirilib ki, göstərilən xidmətlər yaralanan və şəhidlərin ( vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir. Məqsəd canı-qanı bahasına bizə Qələbəni yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir.
Qeyd edilir ki, bu günə qədər bu istiqamətdə 1 min 790 yaralananın və 2 min 166 şəhid ailəsi üzvünün ümumilikdə 3 min 956 müraciəti təmin edilib.