Bayraqdar.info – “Alo Karyera” dəstək xidmətinə 547 nəfər müraciət edib. Həmin şəxslərə müxtəlif mövzular üzrə 1002 konsultasiya keçirilib.
Bu barədə bayraqdar.info-ya oktyabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu xidmət Dövlət Agentliyi tərəfindən pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün başladılıb. Qeyd edilib ki, təşkil olunan konsultasiyalar özünü tanıma, əmək bazarının araşdırılması, karyera məqsədlərinin təyin olunması, işaxtarışı alətləri, CV və istək məktubunun hazırlanması, iş müsahibəsinə hazırlıq, peşə və ixtisas seçimləri mövzularını əhatə edib.
Müsahibəyə hazırlıqla bağlı keçirilən görüşlərin nəticəsi olaraq 30 nəfər işə qəbul prosesini uğurla keçib, 14 nəfərisə könüllü və təcrübə proqramlarına qəbul olmaq şansı qazanıb.
Müraciət edənlər arasında bakalavrlar, magistrlar, tam orta təhsilli şəxslər və doktorantlar, üstünlük təşkil edib.
Qeyd edək ki, “AloKaryera” dəstək xidmətinin məqsədi işsiz və işaxtaran şəxslərə operativ şəkildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsidir. Xidmətdən yararlanmaq üçün vətəndaşlar qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır, görüş üçün vaxt təyin edilir və onlayn formada dəstək göstərilir.