Bayraqdar.info – Oktyabrın 11-dən 15-dək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində (MTE və PA) “Qarışıq insan qalıqlarının məhkəmə-tibbi ekspertiza analizi” mövzusunda nəzəri-praktik təlim keçirilir.
Xəbər bayraqdar.info-ya oktyabrın 11-də Səhiyyə Nazirliyindən verilib.
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və “MTE və PA”nın təşkilatçılığı ilə keçirilən tədbirdə Respublikanın müxtəlif dövlət qurumlarının (Baş Prokurorluq, Hərbi Prokurorluq, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”, Dövlət Komissiyası üstü qurumlar (Dövlət Təhlükəsizlik Xidməti və s.), Daxili İşlər Nazirliyinin Kriminalistika İdarəsi, Müdafiə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Mərkəzi”) nümayəndələri iştirak edir.
“Tədbirdə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Arian Bauer, “MTE və PA”nın baş direktoru, professor Ədalət Həsənov, BQXK-nın məhkəmə-tibbi ekspertiza məsələləri üzrə regional koordinatoru xanım Olqa Lucia Barragan Amaya (Kolumbiya) və BQXK-nın məhkəmə-tibbi ekspertiza məsələləri üzrə regional koordinatoru Uyum Vehit (Şimali Kipr Respublikası) çıxış ediblər. Onlar qeyd ediblər ki, təlimin məqsədi skeletləşmiş insan qalıqlarının identifikasiyasına şərait yaratmaq və dəstək göstərmək üçün qarışıq insan qalıqları kimi mürəkkəb işlərin məhkəmə-tibbi ekspertiza analizi sahəsindəki ən qabaqcıl təcrübələri tətbiq etməkdir.
“Mürəkkəb işlərin antropoloji analizi və məhkəmə-tibbi genetikası sahəsinə aid olan 5 günlük təlim dünyanın bir çox ölkələrində təcrübə qazanmış beynəlxalq məhkəmə-tibb eksperti Mersedes Salado (Argentina) tərəfindən aparılacaq”, – deyə xəbərdə qeyd edilir.