Press "Enter" to skip to content

“Qələbə hünəri” adlı Respublika yaradıcılıq sərgisi

Bayraqdar.info – Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisinə qeydiyyat yekunlaşıb. Noyabrın 6-da açılacaq sərgi Vətən müharibəsində qələbənin ildönümünə həsr olunub.

Bu barədə oktyabrın 11-də bayraqdar.info-ya Dövlət Rəsm Qalereyasından bildirilib.

“Sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi zəfərin əsərlərdə nümayişi məqsədilə açılacaq.

“Sərgidə 100 əsər nümayiş ediləcək. Seçimdə professionallıq, mövzu və ideya orijinallığı nəzərə alınacaq. Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək.

“Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial medya hesablarında paylaşılacaq.

“Seçilmiş əsərlər oktyabrın 30-dək Mərkəzin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər. Sərgi Xətai Sənət Mərkəzində açılacaq.

“Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

Mission News Theme by Compete Themes.