Bayraqdar.info – İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ikinci dəfə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı bəyanat yayıb.
Bayraqdar.info xəbər verir ki, Ombdusman Aparatı tərəfindən yayılan bəyanatda deyilir:
“11 oktyabr 2020-ci il tarixində gecə saat 02 radələrində Ermənistan silahlı qüvvələri ikinci dəfə Azərbaycanın hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərini “Scud-B” ballistik raket sistemi ilə atəşə tutub. Nəticədə uşaq, qadın, ahıllar da daxil olmaqla, onlarla insan həlak olmuş və yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
“Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də IV Cenevrə Konvensiyasının, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozub.
“Ombudsman olaraq, Gəncə şəhərinin mülki obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşə məruz qalması, çoxsaylı insan tələfatı, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktları ilə bağlı dərhal nüfuzlu beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət ünvanlanmışam.
“Eyni zamanda, tərəfimdən Gəncə şəhərində növbəti faktaraşdırıcı missiya həyata keçirilmiş, həlak olmuş, yaralanmış, dağıntılardan zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarına dair faktlar yerində araşdırılmış və müvafiq hesabat beynəlxalq təşkilatlara təqdim edilib.Buna baxmayaraq, hərbi əməliyyatlar zamanı törədilmiş bu kimi insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına hələ də beynəlxalq hüquqi qiymət verilməyib.
“Beynəlxalq qanunların Ermənistan tərəfindən kobud şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymətin verilməsinə və Ermənistan hərbi-siyasi rəhbərliyinə qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırıram”, – deyə Omdusmanın bəyanatında bildirilir.
Omdusmandan bildirilir ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə ünvanlanıb. Həmçinin, beynəlxalq və avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına və diplomatik korpuslara göndərilib.