Bayraqdar.info – Dövlət İmtahan Mərkəzinin (DİM) inzibati binasında növbəti TOEFL iBT imtahanı keçirilib.
Bu barədə oktyabrın 11-də bayraqdar.info-ya DİM-dən bildirilib.
DİM-in xəbərində bildirilir ki, imtahanda 18 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
“Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb. Zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
“Növbəti TOEFL iBT imtahanının oktyabrın 16-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında verilmiş linkdən əldə etmək mümkündür”, – deyə xəbərdə bildirilir.