Bayraqdar.info – Oktyabrın 10-da Gənclər və idman naziri Fərid Qayıbov Pirallahı adasında keçirilən “IronWinD” triatlon turnirini izləyib.
Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən bildirilib.
Xəbərdə deyilir ki, Nazirlik və Azərbaycan Triatlon Federasiyasının dəstəyi, “Triterra Baku Triathlon Club”ın təşkilatçılığı ilə keçirilən turnirin iştirakçıları Olimpiya məsafəsində yarışıblar. İdmançılar qələbə uğrunda 1,5 km üzüb, sonra 40 km velosiped sürüb və 10 km qaçıblar. Turnirdə 60 idmançı mübarizəyə qoşulub və onlardan 7-si xarici ölkə (İngiltərə, Fransa, Rusiya, Ukrayna və s.) təmsilçiləri olublar. Yarışı eləcə də Federasiyanın prezidenti Azər Məhərrəmov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da izləyiblər. Gərgin mübarizə şəraitində keçən yarışın yekununda, kişilər arasında Toğrul Məmmədli birinci, Cəlal Süleymanov ikinci, Tamerlan Ələkbərov üçüncü yerləri tutublar. Qadınların yarışında Rabiyə Orucova birinci, Könül Əliyeva isə ikinci olub. Estafet yarışında isə Vüqar Abdullayev, Vüsal Mikayılzadə, Denis Karçaşkin üçlüyü qalib gəlib.
Qaliblərə müvafiq diplom və medallar, qiymətli hədiyyələr təqdim edilib.