Press "Enter" to skip to content

“Güneylilər olaraq Azərbaycan dövlətinin yanındayıq” – ÖZƏL

Məcid Cavadi

Son yeniləmə: 11 Oktyabr 2021 16:50

Məcid Araz: Artıq bütün dünya bilir ki, İranda Güney Azərbaycan məsələsi var

Bayraqdar.info – Ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəticəsində torpaqlarımızı düşmən işğalından azad etdik. Tarixə qızıl hərflərlə yazılan bu Zəfər dostlarımızı nə qədər sevindirsə də, düşmənlərimizi və onlara havadarlıq edənləri bir o qədər kədərə qərq etdi. Son vaxtlar cərəyan edən proseslər həmin kədərə qərq olanlar sırasında İran adlı dövlətin də öndə dayandığına işarə edir. Bəs, İran niyə belə edir? İranın bu tutumu Güney Azərbaycandakı bacı-qardaşlarımız tərəfindən necə qarşılanır?

Güney Azərbaycanın milli fəallarından biri, hazırda Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda, Mərkəzi Şura üzvü olan Məcid Araz (Məcid Cavadi) ilə özəl müsahibəmizdə bu və digər suallara cavab tapmağa çalışdıq. Suallara keçməzdən öncə qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən Güney Azərbaycan Milli Dirəniş Təşkilatının hazırda ABŞ-da, Avropada, Türkiyədə şöbələri var. Həmçinin, Güney Azərbaycan daxilində də fəaliyyət göstərən təşkilatın əsas hədəfi orada türk millətinin öz müqəddaratını təyin etməsinə nail olmaqdır.

Güney Azərbaycanda çox böyük oyanış prosesi gedib

– Zaman-zaman yer üzündə əsarətdə qalmış xalqların öz müqəddəratını təyin etməsinin şahidi olmuşuq. Müasir dövrdə bu məsələdən danışanda ilk yada düşən məhz Güney Azərbaycan olur. Bu baxımdan hazırda Güney Azərbaycanla bağlı ümumi mənzərəni necə dəyərləndirərdiniz?

– Öncə onu deyim ki, bu gün İran adlı dövlətin əhalisinin 40 fazi türk kökənli, özlərinin rəsmi şəkildə iddia etdikləri kimi təxminən 30-40 faizi fars kökənli, qalanları isə digər millətlərin nümayəndələridir. Konkret sualınıza gəlincə deyim ki, ümumiyyətlə bu günkü İran dövlətinin vətəndaşı olan türklərdə – bunların önündə gələn Azərbaycan türklərində çox ciddi bir milli oyanış prosesi gedib və bu proses öz müsbət nəticəsini verir. Əgər 20 il bundan öncəyə qədər şəhər və kəndlərimizdə, hətta evlərdə belə fars dilində danışılırdısa, bu gün vəziyyət dəyişib. Bu gün Təbrizdə, Urmiyada, Güney Azərbaycanın digər şəhərlərində azərbaycanlıların farsca danışmasının nadir hallarda şahidi olarsınız. Ailələrdə uşaqlarla farsca danışmaq ümumiyyətlə demək olar ki, artıq bitib. Bunun özü də sübut edir ki, Güney Azərbaycanda çox böyük oyanış prosesi gedib. Bu gün artıq bütün dünya bilir ki, İranda Güney Azərbaycan məsələsi var. Yəni, 20 il öncəyə qədər İranın daxili və xarici siyasətində Güney Azərbaycan faktoru deyə bir şey yox idi. Amma bu gün Güney Azərbaycan məsələsi və türk məsələsi İranın daxili və xarici siyasət prioritetlərinə dərindən təsir edən bir faktora çevrilib. Artıq bizim siyasi təşkilatlarımız var və həm daxildə, həm də xaricdə uğurla fəaliyyət göstərirlər. Ümumiyyətlə, Güney Azərbaycan məsələsi bu gün İranın xarici siyasətinə, başqa dövlətlərlə münasibətlərinə dərin təsir edən faktora çevrilib.

İkinci Qarabağ savaşı Güney Azərbaycan təşkilatları arasında da birliyə təkan verib

– İstənilən oyanış həm də o zaman uğur qazanır ki, sonu birliklə nəticələnir. Bu kontekstdə Güney Azərbaycan davasını aparan təşkilatlar arasında birlik baxımından durumu necə dəyərləndirirsiniz?

– Təşkilatlararası birlik məsələsində çox şükürlər ki, son aylarda müsbət gəlişmələr olub. Xüsusilə də İkinci Qarabağ savaşı bu məsələdə bir təkan rolunu oynadı. Düzdür, təəssüflə də olsa bildirməliyəm ki, keçmişdə təşkilatlarımız arasında bu birlik yetərincə olmayıb. Bunun həm obyektiv və subyektiv səbəbləri vardı, həm də İran dövlətinin və düşmənlərimizin təxribatları da burada öz rolunu oynamışdı. Amma dediyim kimi son aylarda, xüsusilə də İkinci Qarabağ savaşından sonra Güney Azərbaycan təşkilatları arasında bir yaxınlaşma, birləşmə, bərabər hərəkət etmə prosesi formalaşıb və davam edir. Təbii ki, təşkilatların hər birinin öz fəaliyyət proqramı, proseslərə baxışı var. Amma ümumilikdə bu gün təşkiklatlararası hər hansı bir qarşıdurmadan, çəkişmədən söhbət gedə bilməz. Bu gün fəal olan 9 Güney Azərbaycan təşkilatı bir araya gələrək, birlikdə addımlar atır. İkinci Qarabağ savaşında və ondan sonra bu təşkilatlar birgə bəyanatlar verdilər. Həmçinin, İranın son təlimləri məsələsində, Güney Azərbaycandakı seçkilər məsələsində və digər məsələlərdə bütün təşkilatlarımız birlikdə hərəkət etdilər. Eyni zamanda, Azərbaycan Prezidentinin İranın son addımları ilə bağlı çıxışından sonra bir daha birlik nümayiş etdirdik. Daha doğrusu, cənab Prezdent İlham Əliyev o çıxışında dünya azərbaycanlılarından söz etdi və biz onu haqlı olaraq Güney Azərbaycana bir mesaj kimi anladıq və qəbul etdik. Ondan sonra da təşkilatlarımız bir ortaq bəyanat yayaraq Azərbaycan dövlətinə və Azərbaycan Prezidentinə dəstəklərini bildirdilər. Açıqca dedilər ki, lazım olarsa Güney Azərbaycan təşkilatları hamısı bir bütün olaraq Azərbaycanın yanında və arxasındadırlar. Bu bəyanat, əslində, Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun adı ilə verildi. Bu, artıq 9 təşkilatın birlikdə təşkil etdiyi bir Qurul olaraq birliyin təcəssümdür.

Güney Azərbaycanın gəncliyi ön sıradadır

– Bəs, bu gün Güney Azərbaycanın gəncliyi mücadiləyə hazırdırmı?

– Güney Azərbaycanda davam edən və milli hərəkat olaraq adlandırdığımız hərəkatın içində müxtəlif təşkilatlar, müxtəlif media qurumları var. Amma ümumiyyətlə biz buna Güney Azərbaycan Milli Hərakatı adı veririk. Bu hərəkatın əsas kadrları isə məhz gənclərdir. Gənclər ön sıradadırlar. Milli hisslərə sahib və azadlıq istəyən gənclər proseslərdə xüsusi fəallıq, hətta mən deyərdim ki, liderlik edirlər. Bu gün Güney Azərbaycan gəncliyinin mütləq əksəriyyəti artıq milliyyətlərini türk və vətənlərini Azərbaycan olaraq görürlər. Dünyaya da o şəkildə baxırlar.

İranın son addımları sadəcə aysberqin görünən tərəfidir

– Son olaraq, İranın ermənipərəst siyasəti, arzuolunmaz davranışları fonunda Azərbaycan Respublikası vətəndaşlarına Güney Azərbaycan türkü olaraq nə deyərdiniz?

– Biz, əslində, 9 təşkilatın imzası ilə yayılan bəyanatda mövqeyimizi ortaya qoymuşuq. Ondan sonra da bu 9 təşkilatın təmsilçilərinin birgə videomüraciəti oldu. Bizim ümumi mövqeyimiz budur ki, İranda hazırda hakim olan fars dövləti, ümumiyyətlə, Azərbaycan türk millətinin tarixi varlığı və dövlətçilyi ilə problem yaşayır. Fikrimi əsaslandırmaq üçün bir fakt deyim. Bu gün İranın hakim rejiminin yüksək vəzifəli üzvlərinin 87 faizi fars kökənlidir. Bu, aparılmış araşdırmanın nəticəsində ortaya çıxan rəqəmdir. Bu vəzifələrdə çalışan türklər isə cəmi 8-9 faizdir, baxmayaraq ki, əhalinin 40 faizini təşkil edirlər. Bunu əsas götürərək deyirəm ki, bu gün İranda bir fars dövləti var. Çünki hakim komandanın 90 faizə yaxını ancaq fars kökənlidir. Bir daha deyirəm ki, İranda hakim olan fars dövləti, ümumiyyətlə, Azərbaycan türk millətinin tarixi varlığı, dövlətçiliyi və tarix səhnəsində var olması ilə bağlı problem yaşyır. İranın ortaya atdığı Zəngəzur koridoru, təlimlər və s. kimi məsələlər, əslində, aysberqin görünən tərəfidir. Biz bunun fərqindəyik, millətimiz bunu görür və bilir. Biz güneylilər olaraq hər zaman Azərbaycan dövlətinin yanındayıq və əlimizdən gələn bütün imkanlarla Azərbaycan dövlətini həm güneydə, həm də quzeydə müdafiə etmişik, edəcəyik. Bu, bizim tarixi missiyamızdır və başqa yolu yoxdur.

Mission News Theme by Compete Themes.